BAKI, 9 avqust — Sputnik. "Yandex Go" və ya Rusiya xaricində "Yango" kimi tanınan "Yandex" taksi xidmətinin xarici istifadəçilərinin məlumatlarının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürülməsi ilə bağlı qərar bəzi ölkələrdə narahatlıq yaradıb.
Qeyd edək ki, Rusiyanın baş naziri Mixail Mişustin FTX-ya sərnişin taksi sifarişlərinin informasiya sistemlərinə və məlumat bazalarına gecə-gündüz məsafədən çıxış əldə etməyə icazə verən qərarı imzalayıb. Qərar 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Yeni qərara əsasən, FTX sentyabrın 1-dən günün istənilən saatında Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən "Yango" taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.
Ehtimal edilir ki, bu qərar daha çox siyasi repressiyalardan qaçan, səfərbərlikdən yayınan şəxslərə təsir edəcək. Rusiya hakimiyyətinin tələbi ilə dəfələrlə fərarilərin və siyasi fəalların Qazaxıstan və Ermənistandan deportasiyası halları baş verib.
Bununla belə "Yandex" şirkəti xarici ölkələrdəki müştərilərin məlumatlarını FTX-ya təqdim etməyəcəyini açıqlayıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, səyahətlərlə bağlı məlumatlar yalnız səyahətlərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən qanunlara uyğun olaraq verilə bilər. Sentyabrın 1-dən sonra da bu qayda dəyişməyəcək.
Artıq bir sıra ölkələr "Yango" taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Finlandiya şirkətin ölkədəki bütün hesablarını dondurub. Finlandiyanın Fərdi Məlumatların Mühafizəsi üzrə Müvəkkili Anu Talus Rusiya Federasiyasında qanunvericilik islahatları fonunda Yandex MMC-nin törəmə şirkəti olan Yanqo taksi xidmətinin istifadəçilərinin məlumatlarının Rusiyaya ötürülməsini qadağan edib.
"Komissar hesab edir ki, Yango, xüsusilə Rusiyada qanunvericilik islahatlarından sonra Aİ qanunvericiliyinə uyğun olaraq fərdi məlumatların mühafizəsini təmin edə bilməz. Bununla əlaqədar olaraq, ötürülmənin dayandırılması və fərdi məlumatların emalının qadağan edilməsi barədə qərar qəbul etmək lazımdır" - Finlandiyanın Fərdi Məlumatların Mühafizəsi Agentliyinin yaydığı məlumatda deyilir.
Qadağanın sentyabrın 1-dən qüvvəyə minəcəyi və noyabrın 30-dək qüvvədə olacağı dəqiqləşib.
Yango üçün şəxsi məlumatların toplanması və emalı Niderlandda yerləşən Ridetech International B.V. tərəfindən həyata keçirilir. Şəxsi məlumatlara, xüsusən də müştərinin geolokasiyası və səfərin ünvanı daxildir.
Qeyd edilib ki, 2011-ci ildən fəaliyyətə başlayan taksi xidmətindən indiyədək 36 milyon insan istifadə edib.