DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə MTŞ Rusiya və Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı

Türkiyə Milli Təhlükəsizlik Şurası bəyanatda qeyd edib ki, Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəflər danışıqlar masası arxasına oturmalı, dərhal müharibəni dayandırmalıdır.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ-nin iclasının yekunlarına dair bəyanatda deyilir.
“Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun regionumuz üçün mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq”, - MTŞ-nin bəyanatında bildirilib.
Bundan əlavə, qeyd olunub ki, “Taxıl sazişi”nə qayıdış ehtiyacı olan ölkələr üçün mümkün mənfi nəticələrin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək.
18:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında milli təhükəsizlik şurasının iclası keçirilir.
Bu barədə TRT Haber məlumat yayıb.
Prezident Sarayında keçirilən görüşdə strateji, regional və milli təhlükəsizlik məsələləri, xüsusilə Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatlarının müzakirə ediləcəyi gözlənilir.
İclasda sərhəd təhlükəsizliyi çərçivəsində həyata keçirilən fəaliyyətlərin müzakirə ediləcəyi, PKK, PYD/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatların da müzakirə ediləcəyi planlaşdırılır.
Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi görüşdə taxıl dəhlizi ilə bağlı vəziyyət, Türkiyənin sülh səyləri, vasitəçilik fəaliyyətləri, humanitar yardımlar və qalıcı atəşkəslə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Egey, Kipr və Şərqi Aralıq dənizindəki hadisələrin də qiymətləndiriləcəyi toplantıda Şərqi Aralıq dənizində Türkiyə və ŞKTC-nin beynəlxalq hüquqdan irəli gələn hüquqlarının qorunması istiqamətində görülən işlərin müzakirəsi nəzərdə tutulur.
Yığıncaq yaş məhdudiyyəti səbəbindən təqaüdə çıxan Quru Qoşunları komandanı general Musa Avsever və təqaüdə çıxan Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanın qatılacağı son toplantı olacaq.