BAKI, 9 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyinin kollegiyası avqustun 9-da keçiriləcək iclasda ölkənin qərb sərhədlərində qoşun qruplaşmalarının eyni vaxtda gücləndirilməsi ilə Moskva və Leninqrad hərbi dairələrinin yaradılması məsələsinə baxacaq. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Eyni zamanda o qeyd edib ki, Rusiyanın hərbi təhlükəsizliyinə təhdidlər vaxtında və adekvat cavab tələb edir.
"İclasda təhdidlərin zərərsizləşdirilməsi üçün lazımi tədbirlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək", - RF müdafiə naziri bildirib.
Ötən ilin dekabrında Şoyqu Rusiya Silahlı Qüvvələrində Moskva və Leninqrad hərbi dairələrinin yenidən yaradılmasının planlaşdırıldığını açıqlamışdı.
Xəbər verdiyimiz kimi, 2010-cu ildə Moskva və Leninqrad hərbi dairələrinin bazasında Qərb Hərbi Dairəsi yaradılıb.
İyulun 3-də Şoyqu Moskva və Leninqrad hərbi dairələrinin rəhbər orqanlarının formalaşdırılması üzrə iş aparıldığını, bölmələr üçün şəxsi heyət və texnikanın hazırlandığını açıqlayıb.
Bu ilin yanvarında Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya Silahlı Qüvvələrinin sayının 1,5 milyon hərbçiyə çatdırılması ilə bağlı iclas keçirilib. Daha sonra 2023-2026-cı illərdə Silahlı Qüvvələrin tərkibində genişmiqyaslı dəyişikliklərin aparılacağı açıqlanıb.
"Rusiya Federasiyasının Prezidenti Silahlı Qüvvələrin sayının 1,5 milyon hərbi qulluqçuya çatdırılması barədə qərar qəbul edib. Yalnız dövlətin hərbi təhlükəsizliyini təmin etmək, Rusiya Federasiyasının yeni subyektlərini və mühüm obyektlərini müdafiə etmək hərbi bazanı gücləndirməklə mümkündür. Silahlı Qüvvələrin əsas struktur komponentləri, Silahlı Qüvvələrin iki yeni spesifik strateji ərazi birliyinin - Moskva və Leninqrad hərbi dairələrinin, habelə yeni yaradılan qurumların ərazilərində özünü təmin edən qoşun qruplarının (qüvvələrin) yaradılmasıdır", - Şoyqu yanvarın 17-də Ukraynada xüsusi hərbi əməliyyat zonasında keçirilən görüşdə bildirib.
Yanvarın 24-də Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov aif.ru saytına müsahibəsində bildirib ki, Rusiya Silahlı Qüvvələrinin inkişaf planına düzəlişlər edilməsinə səbəb Finlandiya və İsveçin NATO-ya birləşmək istəyi olub:
"Bu təhdidləri zərərsizləşdirmək üçün ölkənin ali rəhbərliyi Silahlı Qüvvələrin qurulması və inkişafı planına düzəlişlər etmək vəzifəsini qoyub. Onun parametrləri Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrin geniş tərkibdə keçirilən iclasında təsdiq edilib".