BAKI, 9 avqust — Sputnik. Qərbi Azərbaycan İcması (QAİ) Litvanın Vətən müharibəsindən sonra Azərbaycana qarşı sistemli, ardıcıl xarakter almış qərəzli mövqeyini pisləyir və bu ölkənin ərazi bütövlüyü, suverenlik, separatizm kimi məsələlərə münasibətdə selektiv yanaşma sərgiləməsindən təəssüflənir.
Bu barədə İcmanın yaydığı məlumatda deyilir.
Bildirilir ki, Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa, diqqəti özündəki milli azlıqlarla bağlı problemlərin həllinə yönəltməyə çağırır.
"Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Litva özünü "ədalət carçısı" hesab edirsə, onda dostu hesab etdiyi, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş Ermənistanla sıx münasibətlərindən istifadə edərək Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldıra bilər", - deyə məlumatda qeyd olunub.