BAKI, 9 avqust — Sputnik. Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqləyib.
Bu Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Xatırladaq ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin və "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Bu Qanun ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da genişləndirilməsinə təkan verəcək.
Sənəd innovativ onlayn və mobil ödənişlərin inkişafının daha etibarlı və təhlükəsiz fəaliyyətini, istehlakçıların daha etibarlı müdafiəsini təmin edəcək.
Sənəddə pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması qaydaları müəyyənləşdirilir. Habelə, elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur.