BAKI, 9 avqust — Sputnik. Yapon siyasətçilərinin və BMT baş katibinin Xirosimadakı fəlakətin günahkarı ilə bağlı "unutqanlığı"nın səbəbi Amerika qorxusudur.
Bunu Nyu-Yorkdan ABŞ Senatına müstəqil namizəd Dayan Seyr "RİA Novosti"yə bildirib.
Bazar günü Yaponiya 1945-ci ildə Xirosimadakı atom bombası qurbanlarının xatirəsini yad edib. Lakin Xirosimada keçirilən mərasimdə çıxış edən yapon siyasətçiləri bombanın Amerika tərəfindən atıldığını qeyd etməyiblər. BMT-nin baş katibi Antonio Quterreş də mesajında ölümlərə görə məsuliyyət daşıyan ölkənin adını çəkməyib.
"Düşünürəm ki, bu, sadəcə qorxudur. Bu, ABŞ-ın potensial reaksiyası və ya istifadə edə biləcəyi digər təsir vasitələri qarşısında qorxudur", - deyən Dayan Seyr eyni zamanda qeyd edib ki, bu təsir vasitələri getdikcə azalır.
"Bir çox dünya liderləri, xüsusən də Afrika ölkələrində bunu dərk ediblər. Ona görə də özlərini o qədər də qorxaq kimi aparmırlar", - deyə o, əlavə edib.
Xatırladaq ki, 1945-ci ilin avqustunda amerikalı pilotlar Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıblar. Atom partlayışı və onun nəticələrindən Xirosimada 140 min, Naqasakidə 74 min insan həlak olub. Atom bombardmanının qurbanlarının böyük əksəriyyəti mülki şəxslər olub. Faciəli hadisələrin ildönümündə - 6 və 9 avqustda - hər il Xirosima və Naqasakidə "Sülh mərasimləri" keçirilir.