BAKI, 9 avqust — Sputnik. ABŞ-ın "Şimal axını" qaz kəmərinin təxribatında əli var.
Nyu-York senatına namizəd Dayan Seyr buna inanır və seçiləcəyi təqdirdə hücumla bağlı araşdırma aparacağını vəd edir.
"RİA Novosti"yə müsahibəsində o xatırladıb ki, ABŞ Prezidenti Co Bayden 2022-ci il fevralın 7-də Rusiyanın Ukraynaya "hücum edəcəyi" təqdirdə ABŞ-ın "Şimal axını 2" layihəsinə "son qoyacağına" söz verib.
"Beləliklə, o, boru kəmərini məhv etmək planımızı ictimaiyyətlə görüşdə açıqlayıb", - deyə Seyr bildirib.
O, həmçinin Böyük Britaniyanın o vaxtkı baş naziri Liz Trassın qaz kəmərlərində baş verən partlayışlardan dərhal sonra ABŞ dövlət katibi Entoni Blinkenə göndərdiyi "hər şey edildi" mətnli mesajı xatırladıb.
"Ancaq bu bizim işimizdir. Mənim işim həqiqətin üzə çıxarılmasında israr etməkdir", - deyə senatorluğa namizəd sözünə davam edib.
Onun "Şimal axını"ndakı təxribat araşdırmasına nail olub-olmayacağı sualına Seyr belə cavab verib:
"Bəli, əlimdən gələni edəcəyəm. Mən ABŞ senatında çoxluqda olmaya bilərəm. Amma əgər Donald Tramp və ya Robert Kennedi prezidentimiz olsaydı, düşünürəm ki, Ağ Evdə bu məsələnin mahiyyətini öyrənmək istəyən biri olardı".
Xatırladaq ki, partlayışlar 26 sentyabr 2022-ci ildə Rusiyanın Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş hadisədir və təmirin vaxtını təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona yoxlama barədə məlumat verib. Putin, həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır. Rusiya tərəfinin nümayəndələri dəfələrlə qeyd ediblər ki, Danimarka, İsveç və Almaniya Federativ Respublikası Rusiyanın onların araşdırmalarında iştirakına, eyni zamanda informasiyaya çıxış əldə etmələrinə icazə vermirlər.
Amerikalı jurnalist, "Pulitser" mükafatı laureatı Seymur Herş fevralın 8-də araşdırmasını dərc edib. Həmin araşdırmada o, mənbəyə istinadən 2022-ci ilin iyununda ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıclarının "Baltops" təlimləri altında Norveçli mütəxəssislərin dəstəyi ilə Rusiya qaz kəmərlərinin altına partlayıcı qurğuların yerləşdirildiyini bildirib. Herşin sözlərinə görə, əməliyyata başlamaq qərarı ABŞ Prezidenti Co Bayden tərəfindən milli təhlükəsizlik məsələləri ilə məşğul olan administrasiya rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib. Daha sonra Pentaqon "RİA Novosti"yə bildirib ki, ABŞ-ın Rusiya qaz kəmərlərini zədələməklə heç bir əlaqəsi yoxdur.