BAKI, 8 avqust — Sputnik. Vladimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin taleyini təkrarlayacaq. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Zelenski Saakaşvilinin taleyini təkrarlayacaq. Vaşinqtonun və Brüsselin marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili ancaq qalstuk çeynəməklə yadda qalır. O, indi yad adamdır, Eyni şey Zelenskini də gözləyir", - deyə Volodin Telegram-kanalında bildirib.
Rusiya Federasiyası Dövlət Dumasının spikeri bəyan edib ki, hakimiyyətinin lap əvvəlindən Saakaşvili rejimi qəti şəkildə rusofob olub. O, Aİ və NATO tərəfindən dəstəklənib, maliyyələşdirilib, silah-sursatla təmin olunub, hərbçilərə təlim keçib. Eyni şey sonradan Ukraynada da baş verdi.
Volodin xatırladıb ki, sonralar Saakaşvilinin Qərbə lazımsız olduğu ortaya çıxıb və vətənində mühakimə olunub. O, vətəndaşlıqdan məhrum edilərək Ukraynadan deportasiya edilib.
"Tarix təkrarlanır, amma indi Zelenski ilə. Artıq Qərb ondan və doyumsuz Kiyev rejimindən bezib. Onun naşükürlüyü Avropa siyasətinin dominant xüsusiyyətinə çevrilib. Bu, Britaniyada və hətta Polşada rəsmi səviyyədə açıq şəkildə bəyan edilir", - Volodin əlavə edib.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, "İmedi" televiziya şirkətinin talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı işlərdə təqsirləndirilən şəxsdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin uzun müddət həbsdə qalacağını, bütün cəza müddətini çəkəcəyini bildirib.