BAKI, 8 avqust — Sputnik. Bir ay əvvəl itkin düşən 19 yaşlı İsmayıllı sakinləri tapılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, İsmayıllı sakinləri Ağaverdi Xəlilov və həmyaşıdı Aytac Mayılova Bakı şəhərində tapılıblar, axtarışlar dayandırılıb.
Qeyd edək ki, 19 yaşlı Ağaverdi Xəlilov və həmyaşıdı Aytac Mayılova iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.
İsmayıllı rayon Kürdmaşı kənd sakini Ağaverdi Xəlilovun atası Tofiq Xəlilov daha əvvəl APA-ya bildirmişdi ki, itkin düşən gənclər İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində tələbə ikən tanış olublar. Oğlan bir neçə dəfə evdə anasına kollecdə sevdiyi qızın olduğunu deyib.
Tofiq Xəlilov iddia edib ki, 2004-cü il təvəllüdlü Aytac Mayılova onun oğlu Ağaverdi ilə əvvəlcədən razılaşaraq qaçıb.
"Deyirlər oğlun qızı qaçırdıb. Qaçırdıb, əcəb eləyib, götürüb gəlsin evinə. Qaçdığı gündən 25 gün keçib, amma o, nə evlə, nə də ki dostları ilə əlaqə saxlayıb" - deyə avqustun 6-da T.Xəlilov bildirib.
Onun sözlərinə görə, hadisədən əvvəlki axşam Ağaverdi evdə ailə üzvləri ilə birlikdə yemək yeyib və yatmaq adı ilə öz otağına keçib. Sonradan məlum olub ki, o, gecə saat 3-4 radələrində evdən çıxaraq Aytac Mayılova ilə birlikdə Bakı istiqamətində hərəkət edib. Onların Bakı istiqamətində hərəkəti müşahidə kameralarının köməyilə müəyyən edilib.
Məlumatlara görə, hər iki gənc sevgili olduqları və bundan dolayı nizam-intizam qaydalarına əməl etmədikləri üçün kollecdən qovulublar.