MƏDƏNİYYƏT

Rasim Balayev: Hər aşiqin öz dövranı var, bir gün məni də unudacaqlar...

Azərbaycan kinosunun əfsanəvi aktyoru, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Mədəniyyət Nazirliyinə təklif edib ki, kino sahəsində yaxşı kadrların yetişməsi üçün tələbələri Moskvaya göndərsinlər.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Bu gün Azərbaycan kino tarixinə öz adını qızıl hərflərlə yazmış Xalq artisti Rasim Balayevin doğum günüdür. Mübaliğəsiz onu milli kinomuzun "sonuncu mogikan"ı adlandıra bilərik. "Nəsimi" ilə başlayan sənət yolunu şərəflə davam edən sənətkarla hazırda rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında həmsöhbət olduq.
Rasim Balayev təəssüf hissi ilə Azərbaycan kinosunun uzun illərdir ki, durğunluq dövrü yaşadığını qeyd edib. Onun sözlərinə görə, ölkəmizdə əvvəlki keyfiyyətdə filmlər çəkilmir:

"Sovet dönəmində pis-yaxşı struktur, iş planı var idi. Kinostudiya lazimi vasitələrlə təchiz olunurdu. Sovet İttifaqı dağıldıqdan sonra milli kinonun qara günləri başladı. Çünki, kino maliyyələşmədi. Bundan sonra Qarabağ müharibəsi başladı. Düzdür, tək-tük filmlər çəkildi, amma tamaşaçını qane edəcək qədər filmlər çəkilmədi".

Aktyor əlavə edir ki, Azərbaycan son 30 ildə iki böyük müharibəyə şahidlik edib. Lakin, Azərbaycan kinosu həmin müharibələrə olan münasibətində bir qədər gecikib:
"Qəhrəmanlarımızı kino vasitəsilə ictimaiyyətə çatdırmalıyıq. Biz kino xadimləri bu barədə tamaşaçılara borcluyuq. Bunun da günahı kino işçilərində deyil. Dövr elə gətirdi ki, kino industriyası dağıldı və yenisi də yaranmadı. Bu yaxınlarda keçirilən kino forumunda hiss etdik ki, yeni nazir kino və teatr üçün nəsə etmək istəyir. Bundan başqa, zaman da lazımdır. Məsələn, İkinci Dünya Müharibəsi illərinə aid filmlər də xeyli müddət sonra çəkilib. Doğrudur, sənədli filmlər ekranlaşdırılırdı. Çünki, kino işçiləri ön cəbhədə müharibənin xronikasını çəkirdilər. Bədii filmlərin çəkilişinə 1950-ci illərin ortalarından başlanıldı".
R.Balayevin sözlərinə görə, bu gün çəkilən filmlərin əksəriyyəti bir müddət sonra unudulur. Amma Sovet dövründə çəkilən filmlərə tamaşaçılar hələ də maraqla baxırlar. Filmlərdəki sitatlar dillər əzəbəridir. Son dövrlər çəkilən filmlərimizin uğursuzluğunun səbəblərini açıqlayan R.Balayev bildirir ki, uğurlu kinonun təməli ssenaridən asılıdır:

"Bu gün xeyli sayda televiziya filmləri, bədii filmlər çəkilir. İnciməsinlər məndən, o filmlərin heç biri tarixdə qalmayacaq, uğursuz filmlərdir. Çünki, ssenari qeyri-peşəkar tərəfindən yazılıb. Toy çəkən adam gəlib film çəkir. Rejissor sənətini bilməyən film çəkir. Kinodan anlayışı olmayan həm ssenarini yazır, həm rejissorluq edir, həm də filmə çəkilir. Mənə bir dəfə bir filmin rejissoru olmağı təklif etdilər, imtina etdim, baxmayaraq ki, 50 ildir bu sahədəyəm. Mən aktyoram, rejissor deyiləm ki".

Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqı
Sənətkar vurğulayır ki, ötən əsrin 60-70-ci illəri Azərbaycan kinosunun çiçəklənmə dövrü olub. Həmin dövrdə yetişənlər 80-90-cı illərə qədər kinonu ayaqda saxlaya biliblər. Sonrakı illərdə isə onun davamı gəlməyib.
Müsahibimizin sözlərinə görə, kino elə bir sənətdir ki, burada hər kəs öz sahəsinin peşəkarı olmalıdır:
"Biri zəif olarsa, filmin uğurlu olması müşkül olacaq. Tutaq ki rejissor yaxşıdır, operator pis çəkir. Bu halda film uğurlu alına bilməz. O vaxt peşəkarlar çox idi. Onların böyük bir qismi Moskvada təhsil alırdı, sonra gəlib köməkçi işləyirdilər. Ondan sonra film çəkməyə başlayırdılar. Əvvəlcə qısametrajlı film çəkirdilər. Sonra həmin gənc rejissorun işinə baxırdılar. Bundan sonra ona böyük film verilirdi".
Xalq artisti əlavə edib ki, bu gün Azərbaycanda Mədəniyyət və İncəsənət Universitetində kino ixtisası tədris olunsa da, keçilən dərsin keyfiyyəti qənaətbəxş deyil. Həmin universitetin tələbə yetişdirməsi üçün lazımi bazası yoxdur:

"Mən Mədəniyyət Nazirliyinə təklif etdim ki, öz universitetimiz olsa da, hər il müəyyən qədər tələbəni göndərin Moskvaya. Qoy tələbələr orada yetişsin. O vaxtlar Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunu bitirən tələbə kurs işini elə mükəmməl çəkirdi ki, həmin filmlə festivallarda mükafat qazanırdı. Gənc rejissor öz filminə SSRİ-nin Xalq artistini çəkirdi, onun qonorarını verirdi. Yəni institut onun bütün xərclərini ödəyirdi. Təəssüf ki, bizim ADMİU-da (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bu yoxdur. Ona görə də universitetdə mütəxəssislər yetişdirilmir. Əvvəllər kinoda estafet var idi, həmin zəncir qırıldı. O zəncirin qırılmış halqalarını tapıb bir-birinə bağlamaq prosesi ləng gedir".

Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqı
Azərbaycan kino və teatrının ən xarizmatik aktyorlarından olan Rasim Balayevə yüzlərlə qadının platonik sevgisi olub. Aktyor özü də bunu etiraf edir. Ona yazılan yüzlərlə məktubun böyük bir hissəsində sevgi etirafı olub:

"O vaxt telefon yox idi, mənə məktub yazırdılar. Yalan olmasın, iki kisə məktub var idi bizim evdə. Cavab vermirdim, çünki, o illər mən çox filmlərə çəkilirdim, vaxtım olmurdu. Həm burada, həm də xarici ölkələrdə çəkilirdim. Bir də ayılıb görürdüm ki, il başa çatıb. İlin hardan başlayıb, harda bitdiyini bilmirdim. Məktubların içində sənətimə olan sevgi də var idi, amma böyük əksəriyyəti məhəbbət məktubları idi. Həm də evli idim, "Nəsimi"yə çəkiləndə artıq iki övladım var idi. Ona görə də reaksiya vermirdim. Təbii ki, mənim üçün xoş idi. Axı hər kəs sevilmək istəyər. Amma yaxşı ki, mən o məktublara reaksiya vermədim, öz işimlə məşğul oldum. Həyat yoldaşım qısqanırdı. Yol gedəndə narahat olurdu. Deyirdim, "ay qız, məni kinodan tanıyırlar, aktyoram, ona görə baxırlar. Mən də o vaxt hanısa məşhuru küçədə görəndə baxırdım. Bəzən hansısa aktyor gedirdi, düşürdüm onun arxasınca".

"Rasim Balayev unudulmaqdan qorxurmu?" sualına görkəmli sənət adamının cavabı belə oldu:
"Qorxmuram. Çünki, görürəm ki, məndən nəhəng aktyorlar unudulub. Mənim ağlıma da gəlməzdi ki, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Hökümə Qurbanova unudula. Vəfatından 4-5 il keçən Amaliya Pənahova unudulub. İndi adını çəkdiyim sənətkarları gənc nəsil tanımır. Bir gün məni də unudacaqlar... Necə deyərlər, hər aşiqin öz dövranı var..."
Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqı
Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.
"Nəsimi", "Babək""Dədə Qorqud" filmlərində oynadığı rollarla tamaşaçıların böyük sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Sənətkar eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək onların da filmlərində çəkilib.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Rasim Balayevin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunması barədə Sərəncam imzalayıb.
İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini şəxsən təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.