BAKI, 8 avqust — Sputnik. Dünya okeanının səthinin temperaturu 20,96 dərəcəyə çataraq rekord həddə matıb. "Frans Press" informasiya agentliyi Avropa Birliyinin "Copernicus" Yer kürəsini müşahidə proqramına istinadən bu barədə xəbər verib.
"Okeanların səthinin temperaturu Selsi üzrə 20,96 dərəcəyə qədər yüksəlib", - deyə agentlik xəbər verib.
"Copernicus"un sözçüsü dəqiqləşdirib ki, əvvəlki rekord 2016-cı ilin martında yenilənib – həmin vaxt okeanların səthinin temperaturu 20,95 dərəcə olub.
Qeyd edək ki, bundan əvvəl BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş il ərzində qlobal temperaturun rekord həddə çata biləcəyi proqnozunu dərc edib.
Buna antropogen amil, yəni istixana qazları və təbii şərait - okean axınlarının La-Ninyadan El-Ninyoya qədər fazalarının dəyişməsi kömək edəcək. Bunlardan sonuncusu təkcə planetdəki orta temperatura deyil, həm də yağıntıların normasına təsir edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.