BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Qaliblərin siyahısı təqdim olunur:
1-ci yer
Natiq Əliyev
2-ci yer
Nurəli Şahbazov
3-cü yer
İlqar Ağaşov
Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edilmişdi. Müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçirilib.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin "Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası"nın üzvləri tərəfindən qiymətləndirilib. Layihələrin müzakirəsi qapalı şəraitdə keçirilib.
İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim edilib.
Məlumat üçün bildirək ki, Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olub, həmin təhsil ocağını əla qiymətlərlə bitirib. 1948—1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb.
1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.
1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb.Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi ucbatından müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.