"Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib. Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib. Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır".