RUSİYA

Putinlə Ərdoğanın görüşü zamanı bir sıra vacib məsələlər müzakirə olunacaq

"Hürriyət" qəzeti yazır ki, Putin və Ərdoğan avqustda keçiriləcək görüşdə taxıl sazişini və Suriyanı müzakirə edəcəklər
Sputnik
BAKI, 7 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan avqust ayında planlaşdırılan danışıqlar zamanı Qara dəniz taxıl təşəbbüsü və Suriya məsələsi də daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər.
Bu barədə Türkiyənin "Hürriyət" qəzeti mənbələrə istinadən xəbər verir.
Qarşıdakı danışıqların əsas mövzusu taxıl dəhlizi olacaq. Qəzet yazır ki, Ərdoğan Türkiyədə taxıl emalından sonra Rusiya taxılının yoxsul Afrika ölkələrinə göndərilməsini təklif edib.

"Putinin "taxıl dəhlizi" çərçivəsində müvafiq jest edəcəyi gözlənilir", - mənbə bildirib.

Bundan əlavə, görüşdə Putin və Ərdoğan Suriya məsələsi, Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri, həmçinin Zəngəzur dəhlizi layihəsi və Moskva ilə Ankara arasında ticarət əlaqələrini müzakirə edəcəklər.
Ərdoğan Putinlə gözlənilən görüşdə Rusiya dövlət başçısına bu məsələdə vasitəçi olmaqla Ukrayna üzrə danışıqlar prosesini bərpa etməyi təklif edəcək.
Türkiyə Prezidenti Rusiya lideri ilə planlaşdırılan danışıqlar zamanı tezliklə atəşkəsə nail olmaq üçün Ukrayna böhranı ilə bağlı sülh danışıqlarının bərpa olunmasını təklif etməyi planlaşdırır. Bu barədə RİA Novosti Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən yazır.

"Cənab prezident münaqişənin həllində öz vasitəçiliyini təklif edəcək, müharibənin qalibinin, sülhün isə məğlubunun olmaması tezisini bir daha təkrarlayacaq", - deyə agentlik həmsöhbətin sözlərini sitat gətirir.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında mümkün danışıqların gündəliyində enerji sektorunda ikitərəfli əməkdaşlıq və Türkiyə ərazisində qaz qovşağının yaradılması məsələləri dəolacaq. Bu barədə TASS-a yerli diplomatik dairələrdəki mənbə bildirib.

"İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın miqyasını nəzərə alsaq, danışıqların gündəliyi kifayət qədər geniş olacaq. Prioritet e qaz qovşağı və Avropaya qaz tədarükü mərkəzinin yaradılması planları olacaq. Türkiyə onu enerji qiymətlərinin formalaşacağı platformaya çevirmək istəyir", - agentliyin mənbəsi bildirib.

Rusiya prezidenti Vladimir Putin iyulun 29-da bildirib ki, Türkiyədə qaz qovşağının formalaşdırılması məsələsi gündəmdə qalır. Onun sözlərinə görə, layihə Türkiyənin qitəyə qaz tranzit ölkəsi kimi artan rolunu nəzərə alaraq, Avropaya qaz tədarükü üçün elektron ticarət platformasının yaradılmasını nəzərdə tutur.
Türkiyə Energetika naziri Alparslan Bayraktar ötən həftə bu layihənin həyata keçirilməsi nəticəsində Türkiyənin elektron enerji ticarətinin aparılacağı mərkəzə çevriləcəyini bildirib.
2022-ci ilin oktyabrında Putin Türkiyə ərazisində "Şimal axını" ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bildirir ki, ölkədə infrastruktur baxımından layihənin həyata keçirilməsi üçün demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə düzəlişlər edilməlidir. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin "Botaş" ("Botaş") neft-qaz şirkəti və bir sıra digər təchizatçıların fəaliyyətinə aid olub.
Xatırladaq ki, Rusiya və Türkiyə başçıları yaxın vaxtlarda təkbətək görüş keçirmək niyyətlərini təsdiqləsələr də, görüşün tarixi və yeri hələ müəyyən edilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.