BAKI, 7 avqust — Sputnik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 19533 cinayət hadisəsinin 5884-ü və ya 30,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,0 faiz çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onların 61,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4225 şəxs müəyyən edilib. Onların 35,7 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 99,3 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 0,7 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 71,3 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,5 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 754 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,6 faiz azdır.
2023-ci ilin yanvar–iyun ayları ərzində 3537,3 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2133,9 kiloqramını marixuana, 1005,4 kiloqramını heroin, 171,7 kiloqramını tiryək, 49,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 176,0 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.