BAKI, 7 avqust — Sputnik. Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq.
Parklanmanın idarə edilməsinə dair mobil tətbiq işə düşəcək ki, onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.
Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq. Parklanma yerlərinin öncədən rezervasiyası mümkün olmayacaq.
Qeyd edək ki, Bakının inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
"AzParking"in proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar.
Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir.
Qeyd edək ki, avqustun 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib (Report).
26.07.23, 15:16
Hələlik sürücülər parklanma qaydasının pozulmasına görə cərimə olunmayacaq - AYNA
İyulun 26-dan Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb. Sürücüləri düşündürən əsas sual parklanma üçün bu gündən etibarən hansı ərazilərdə nə qədər ödənişin tələb ediləcəyi, eləcə də, parklanma qaydalarına əməl etməyən sürücülərin cərimələnib-cərimələnməyəcəyidir.
Sputnik Azərbaycan suallara aydınlıq gətirmək üçün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, bu gündən parklanma ilə bağlı qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçiriləcək. Yəni, paytaxtın yalnız mərkəz hissələrində, infrastruktur qurulan yerlərdə parklanma yerlərinin idarə edilməsinə başlanılacaq.
Parklanma yeri
© Photo : Baku Transport Agency
Parklanma tarifləri ilə bağlı məlumatlandırıcı lövhələrin yerləşdirilmədiyi ərazilərdə hələki parklanma ilə bağlı qaydalara əməl etmək tələbi qoyulmayacaq. Həmçinin parklanma tariflərinin müəyyən olunmuş ərazilər üzrə bu gündən ödənilməsi qüvvəyə minsə də, elektron ödəniş sistemi hazır olmadığından, sürücülərdən parklanma üçün ödəniş tələb olunmayacaq. Bunun üçün mobil tətbiq istifadəyə verildikdən sonra sürücülər parklanma üçün nağdsız ödəniş edəcəklər.
"Maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə parklanmaya görə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün xüsusi tətbiq istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər" - deyə AYNA-dan bildirilib.
Qeyd olunub ki, hələlik sürücülərə parklanma qaydalarına əməl etmədiyi üçün cərimə də tətbiq edilməyəcək.
"Bu istiqamətdə aparılan işlər tam yekunlaşdıqdan, müəyyən olunmuş parklanma yerlərində infrastruktur qurulduqdan sonra sürücülərdən parklanma üçün ödəniş tələb olunacaq", - deyə qurumdan bildirilib.
Həmçinin Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Hökumətin qərarı dövlət avtomobil yollarının tərkibinə daxil olan küçələrdəki parkinqlərə aiddir. Hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçinin özü qəbul edəcək.
Parklanma yeri
© Photo : Baku Transport Agency
Qurumdan onu da bildirdilər ki, yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz:
"Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik".
Xatırladaq ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. IV parklanma zonasına aid ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərara əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.