BAKI, 4 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Sputnik Azərbaycan sözügedən səfərin yekunları ilə bağlı millət vəkilləri Aydın Mirzəzadənin və Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfəri bu ölkənin proseslərdə daha çox rol oynamaq istəyini nümayiş etdirir.
Millər vəkili qeyd edib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və prosesi davam etdirir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaxın zamanlarda nəticələrin olacağına ümid etdiyini bildirib. Həm ABŞ-da, həm də digər müstəvilərdə dərk edirlər ki, Azərbaycan regionda sülhün təmin olunması təşəbbüslərini səmimiyyətlə irəli sürür və davranışlarında bunu nümayiş etdirir. Ermənistanın davranışlarında isə biz bunu görmürük. Ermənistanın Laçın yolu ətafında son təxribatları, ölkəmizin icazəsi olmadan yük maşınlarının Azərbaycan ərazisinə hərəkətinə nail olmaq cəhdləri göstərir ki, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmır".
Millət vəkili Elşad Mirbəşiroğlu, arxiv
© Photo : Social media page of Elshad Mirbashir
E. Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan yaşayan ermənilər də Laçın yoluna yürüş təşkil etmək hazırlığındadırlar:
"Onlar Azərbaycanın çağırışlarına konstruktiv reaksiya nümayiş etdirmirlər. Azərbaycan Prezidenti növbəti dəfə mövqeyimizi ABŞ rəsmisinə təqdim etdi. Bir müddət əvvəl ABŞ dövlət katibi də Azərbaycan prezidentinə zəng etmişdi. O da Laçın yolu ətrafında baş verənlərlə bağlı mövqeyini bildirmişdi. Laçın yolunun açılmasında ABŞ tərəfi də israr edir".
"Azərbaycan tərəfi öz haqlı, beynəlxalq hüquq normaları ilə uzlaşan mövqelərini ifadə edir. Lui Bono da bu barədə məlumatlandırılmış oldu. ABŞ proseslərdə həlledici rol almağa çalışır. Amma eyni zamanda Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarını dinləməyə davam edirlər. Çox güman ki, Ermənistan yenə əsassız ittihamlarını davam etdirəcək. Burada məqsəd Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırılmasıdır. Nəzərə almaq lazımdır ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində 21 yük maşını dayanıb. Bunu etməkdə məqsəd xarici müşahidəçilərə mövcud vəziyyəti öz istədikləri kimi nümayiş etdirməkdir. Bütün bunlara baxmayaraq Azərbaycanın mövqeyi beynəlxalq hüquq normaları ilə uzlaşır və haqlıdır. Bizim mövqeyimiz regionda sülh və sabitliyin təmin olunmasına yönəlib", - deyə EşMirbəşiroğlu fikirlərini yekunlaşdırıb.
Millət vəkili Aydın Mirzəzadə is hesab edir ki, bu gün Cənubi Qafqaz dünyanın böyük güclərinin diqqət mərkəzindədir:
"Böyük güclər regionda cərəyan edən proseslərdən kənarda qalmaq istəmir. Lui Bononun səfəri də ABŞ-ın regiondakı proseslərə olan böyük marağının davamıdır. Son yaşanan hadisələr və gərginliklərin müzakirəsinə ehtiyac var idi. Biz bilirik ki, Ermənistan tərəfi baş verənləri öz təxəyyülünə uyğun olaraq uydurma şəklində dünyaya təqdim edir. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquqa söykəndiyi üçün öz addımlarının arxasında inmal dayanır".
"Azərbaycan və Ermənistan arasında tənzimləmə prosesində iki tərəfin mövqeyi bir-birindən fərqlənir. Biz beynəlxalq hüquqa əsaslanan həll yolu təklif edirik. Ermənistan isə vəziyyəti daim gərgin saxlamağa çalışaraq, düşdüyü ağır vəziyyətdən çıxmağa cəhd edir. Azərbaycanın apardığı siyasət problemli məqamların həllinə addım-addım yaxınlaşdırır. Bu baxımdan proseslərdə moderator olmaq istəyən tərəflər bunu nəzərə almalıdır. Bu gün Azərbaycanın Ermənistana güzəştə getmək fikri yoxdur. Yəni hazırda problem Laçın dəhlizində deyil, Ermənistanın Laçın dəhlizinə münasibətindədir. Ermənistanın humanitar yük adı altında 20-dən çox yük maşınını sərhədimizə yığması gərginlik yaratmırmı?! Humnaitar problem varsa, Azərbaycan Ağdam-Xankəndi yolu ilə bunu həll etməyə hazırdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.