SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilər humanitar fəlakət ssenarisini niyə uydurublar? Xankəndinin deputatı açıqladı

Millət vəkili deyib ki, Qarabağda yaşayan erməni vətəndaşlarımız regionun ən stabil və güclü ölkəsi olan Azərbaycanın qanunlarına tabe olmaqla firavan həyat yaşaya bilərlər.
Sputnik
BAKI, 3 avqust — Sputnik. "Prezident İlham Əliyev tərəfindən Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin olunacağı ilə bağlı verdiyi açıqlamalar çox böyük önəm kəsb edir. Bu dünya erməniliyinə və ondan istifadə edən bəzi ölkələrin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyalarına dünya ictimaiyyəti qarşısında verilmiş tutarlı cavab idi". Bunu Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistan və ona havadarlıq edənlər tərəfindən Rusiya sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilər barədə çaşdırıcı, bir çox hallarda yalan məlumatlar yayılır: "Biz Azərbaycan tərəfi olaraq mövcud vəziyyəti nəzarətdə saxlayırıq və erməni vətəndaşlarımızın bütün ehtiyaclarının təmin edilə biləcəyini dəfələrlə bəyan etmişik. Ermənistan tərəfinin bundan sülh danışıqları prosesində manipulyasiya aləti kimi istifadə etmək niyyəti isə hər kəsə aydındır".
Millət vəkili bildirib ki, Azərbaycan rəsmiləri tərəfindən erməni icmasının digər vətəndaşlarımızın sahib olduğu bütün konstitusion hüquqlarının təmin ediləcəyi dəfələrlə bəyan edilib. Bunun müqabilində isə biz yalanlarla, qarayaxma kampaniyaları ilə üz-üzə qalırıq. Qarabağda yaşayan erməni vətəndaşlarımız regionun ən stabil və güclü ölkəsi olan Azərbaycanın qanunlarına tabe olmaqla firavan həyat yaşaya bilər. Faktiki olaraq onlar Ermənistandan dəstək alan separatçıların girovuna çevriliblər".
"Bu gün Azərbaycanın Ağdam-Xankəndi yolu ilə təklif etdiyi humanitar yardımı separatçıların girovuna çevrilmiş ermənilər ala bilmirlər. Orada yaşayan ermənilər bununla bağlı qərar verməli, Azərbaycan qanunlarına tabe olduqlarını bildirməlidirlər. Bundan sonra onlar Azərbaycan konstitusiyasının verdiyi hüquq və azadlıqlardan istifadə edərək normal vətəndaş ola bilərlər. Çünki faktiki olaraq onlar bir qrup terrorçu, separatçı qrupun girovuna çevriliblər və bununla özləri-özlərini izolyasiya edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də konstruktiv və praqmatik təkliflərini irəli sürür. Ermənilər düşünməli və separatçıların girovluğundan azad olmaq üçün Azərbaycanın təklif etdiyi variantları nəzərdən keçirməlidirlər. Onlar qəsdən qondarma humanitar fəlakət ssenarisini uydurublar ki, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər", - deyə millət vəkili qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsində deyib ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər.
"Bu "liderlər", - hazırkı və bundan əvvəlki "liderlər", - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər", - Əliyev deyib.