HƏRBİ

Baş Qərargah rəisi NATO konsepsiyası çərçivəsində yaradılmış bölmələrdə olub

Пeneral-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti əvvəlcə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində yaradılmış ƏİK bölmələrində olub, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıb
Sputnik
BAKI, 3 avqust — Sputnik. Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən bir neçə hərbi hissə və bölmələrin döyüş hazırlığı yoxlanılıb.
Bu barədə MN-dən bildirilib.
Qeyd edilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti əvvəlcə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış ƏİK bölmələrində olub, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıblar.
Cari ildə bölmələrin ƏİK proqramı üzrə keçiriləcək qiymətləndirmə təliminə hazırlıq prosesi ilə bağlı komandir heyətinin məruzələri dinlənilib. Bildirilib ki, səhra təlim bazasında keçirilən taktiki-xüsusi hazırlıq üzrə məşğələlərdə əsas diqqət şəxsi heyətin müasir ümumqoşun döyüşünün aparılması üsullarının tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Sonra Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələrin birində komando hazırlığı kursunun gedişi ilə tanış olub. Komandoların silahlanmasında olan artilleriya qurğuları və digər silahların tətbiqi ilə keçirilən məşqlər zamanı hərbi qulluqçuların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Komando hazırlığı kursunda iştirak edən şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində döyüş qabiliyyətli komando hərbi hissələrinin formalaşdırılması və onların müasir silahlarla təchiz edilməsinə nail olunduğunu vurğulayıb. O, bu kimi hərbi hissələrin yaradılması ilə Ordumuzun döyüş imkanlarının daha da artdığını bildirərək, peşəkar komandoların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyini qeyd edib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti təlim sahəsinə gələrək burada Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının cəlb olunduğu dağ hazırlığı kursunun gedişini izləyib. Məruzə olunub ki, çöl çıxışı zamanı müxtəlif mövzular üzrə keçirilən məşğələlərdə kursantlara dağ maneələrinin dəf edilməsi qaydaları öyrədilir, onların fərdi hazırlığına, həmçinin qrup şəklində praktiki tapşırıqların icrasına xüsusi diqqət yetirilir.
Baş Qərargah rəisi təlim və məşqlərin intensivliyinin və keyfiyyətinin artırılması, habelə hərbi qulluqçuların döyüş vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlığın gecə və gündüz şəraitində keçirilməsi barədə göstərişlər verib.
Sonda bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, həmçinin hərbi qulluqçuların silah və texnikanın effektiv tətbiqi üzrə bacarıqlarının təkmilləşdirilməsinə dair komandanlıq heyətinə müvafiq tapşırıqlar verilib.