CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bankın mütəxəssisləri MSK-da nə iş görəcəklər?

MB mütəxəssislərinin MSK-da yaradılan nəzarət-təftiş xidmətində təmsil olunması İlham Əliyevin təsdiqlədiyi Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri Mərkəzi Seçki Komissiyasında (MSK) və dairə seçki komissiyasında (DSK) yaradılan nəzarət-təftiş xidmətində təmsil olunacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.
Belə ki, Məcəlləyə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılacaq.
Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:
1. nəzarət-təftiş xidmətinin rəhbəri;
2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Azərbaycan Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər.
Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.