DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan "hə" desə, KTMT öz missiyasını sərhəddə yerləşdirə bilər - Ağasandyan

KTMT hər hansı problemi həll edən "sehirli çubuq deyil: Yerevandan cavab gözləyirlər
Sputnik
BAKI, 2 avqust — Sputnik. KTMT Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır, təşkilat Yerevanın cavabını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə müsahibəsində bildirib.
"KTMT-ni yaradan dövlətlər heç vaxt regionda vəziyyətin sabitləşməsinə kömək etmək səylərindən çəkinməyiblər. Erməni dostlarımıza təşkilatın geniş imkanlarından maksimum faydalanmağa imkan verəcək konkret həll yolları təklif etməyə hazır olduğumuzu dəfələrlə bildirmişik. Biz hələ də Yerevandan müsbət cavab gözləyirik və Ermənistanın sərhədyanı rayonlarında KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi, eləcə də müttəfiqimizə kömək üçün digər birgə tədbirlərlə bağlı əsaslı işi bərpa etməyə hazırıq" - Ağasandyan deyib.
O qeyd edib ki, Moskva müvafiq qərarların qəbulunun ümumi regional vəziyyətə müsbət təsir edəcəyinə əmindir, Rusiya Xarici İşlər Nazirliyi konstruktiv işə hazırdır.
Ağasandyan eyni zamanda vurğulayıb ki, Qərb dövlətləri Rusiya Federasiyasına və onun Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün Rusiyanın ən yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiqlər göstərməyə çalışırlar.
"Bu vəzifəyə nail olmaq üçün onlar regional təhlükəsizliyin mövcud mexanizmlərini, o cümlədən KTMT-nin imkanlarına əsaslanan mexanizmləri pozmağa çalışırlar. Ümid edirik ki, Yerevanda bunu yaxşı başa düşürlər", - diplomat izah edib.
Onun fikrincə, KTMT digər beynəlxalq təşkilatlar kimi hər hansı problemi həll edən "sehirli çubuq deyil".
"Davamlı nizamlanmanın yeganə yolu Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar, tərəflərin qarşılıqlı hörməti, onların istəyi əsasında ardıcıl normallaşmasından keçir. Bu kontekstdə mən Rusiyanın və şəxsən prezident Vladimir Putinin bu çətin prosesdə oynadığı əsas vasitəçi rolunu qeyd etməyə bilmərəm", - Ağasandyan bildirib.
Apreldə Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Azərbaycanla sərhəddə KTMT missiyasını ölkəyə yerləşdirməyə hazır olduğunu bəyan edib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Yerevanın KTMT-nin Ermənistan sərhədlərindəki missiyasından imtina etmədiyini bildirib.
Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük Yerevan üçün "müəyyən problemlər" yaradır, lakin bu digər ölkələrlə əməkdaşlığı məhdudlaşdırmır.
KTMT-yə altı dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür. Mayın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini qeyd edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının perspektivlərindən danışarkən bildirib ki, Rusiya Federasiyası erməni dostları, o cümlədən KTMT ilə dialoqu davam etdirəcək.