BAKI, 2 avqust — Sputnik. Bu gün "Qarabağ" Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.
Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.
Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.
Qeyd edək ki, "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.