BAKI, 2 avqust — Sputnik. Dağıstanın İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyev region sahibkarlarına beynəlxalq bazarlara daha fəal çıxmaqla bağlı çağırış edib.
O qeyd edib ki, bu gün regionun sahibkarları ən yaxşı halda qonşu bölgələrə çatdırma ilə kifayətlənərək Rusiya bazarına daxil olmağa çalışırlar.
"Dağıstanın məhsulları yüksək keyfiyyətə malikdir və qiymət baxımından bir çox analoqlarını üstələyir. Artıq regionun mal və məhsulları 40-dan çox xarici ölkədə təqdim olunur ki, bu da onların rəqabət qabiliyyətliliyini təsdiqləyir" - Abaskuliyev deyib.
Abaskuliyev onu da bildirib ki, Dağıstanda istehsal edilən Rusiya konyakının Azərbaycan və Belarusdakı mağazalarda satışa çıxarılması planlaşdırılır.
O, həmçinin qeyd edib ki, bütün tələb olunan sənədlərə riayət etmək və müxtəlif maneələri dəf etmək zərurəti ilə əlaqədar beynəlxalq bazara çıxmaq asan məsələ deyil. Bununla belə, məhsulun Rusiya daxilindəkindən baha qiymətə xaricə satılması mümkünlüyü yerli sahibkarlar üçün əsas motivasiyadır.
"Sahibkarlar Dağıstan daxilində rəqabət əvəzinə, məhsullarını tədarük edə biləcəkləri dost ölkələr axtarmalıdırlar. İxraca Dəstək Mərkəzi biznesin beynəlxalq sərgilərdə iştirakına kömək etmək üçün logistik xərclərin 80%-ə qədərini qarşılayır. Bu, sahibkarlara səfərlərə xərclənə biləcək xeyli vəsaitə qənaət etməyə və onu öz istehsalının inkişafına yönəltməyə imkan verir", - deyə mərkəz rəhbəri bildirib.
O, həmçinin vurğulayıb ki, İxraca Dəstək Mərkəzinin fəaliyyəti Dağıstan məhsullarının uğurla rəqabət apara bilməsini və ölkədən kənarda müştərilərini tapmasını təmin etmək məqsədi daşıyır. İki ildən az müddətdə regiondan ixrac 100 milyon dollar artaraq rekord həddə çatıb.