BAKI, 2 avqust — Sputnik. 2023-ci il dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36 milyard 624,8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 9,8 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinin "2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi"ndə bildirilib.
Qeyd olunan xərc artımının maliyyə təminatı olaraq 2023-cü il dövlət büdcəsinin gəlirləri 3 milyard 116,5 milyon manat (o cümlədən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 457,7 milyon manat), kəsiri isə 155 milyon manat artırılıb.
Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 milyard 122,9 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb.
Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub.
Digər prioritet xərc istiqaməti olan ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılması məqsədilə xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 70 milyon manatdan 3 milyard 70 milyon manata çatdırılıb.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22077,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 643,2 milyon manat və ya 2,8 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13364,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3737,2 milyon manat və ya 38,8 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat vəya 17,7 faiz çox) vəsait yönəldiləcək.
2023-ci ilin birinci yarımilliyində müsbət iqtisadi artım dinamikasının davam etməsi, maliyyə intizamının gücləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, həmçinin beynəlxalq enerji bazarlarında əlverişli qiymət konyukturunun formalaşması büdcə göstəricilərinə də müsbət təsir edib.
Ötən il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.