TƏHLİL

Xaçatryanın həbsini heç kim mübahisələndirə bilməz - Millət vəkili

Ekspert bildirib ki, müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsinin həyata keçirilməsi üçün müddət tətbiq olunmur və onlar məsuliyyətə cəlb olunurlar.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Ötən həftə Azərbaycan Respublikası Baş Prokurorluğu Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri - 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçatryan Vaqif Çerkezoviçin saxlanıldığını açıqlayıb.
Bildirilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Sputnik Azərbaycan beynəlxalq hüquqda bu cür həbslərə münasibəti araşdırıb.
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa və Avropa məhkəməsi sahəsində ixtisaslaşmış ekspert, vəkil Əsabəli Mustafayev fikirlərini bölüşüb.
Millət vəkili Fazil Mustafa bildirib ki, Xaçatryan Azərbaycan ərazisində tutulduğuna görə, bu mübahisələndirilə bilməz:

"Azərbaycan ərazisində tutulmuş terrorçu, cinayətkarla bağlı məsələ hansısa bir şəkildə müzakirə oluna bilməz. Bizim qanunlarımız var və törədilmiş soyqırım, vəhşilik, qətliam hallarına görə Cinayət Məcəlləsində cəzalar nəzərdə tutmuşuq. Ona görə də cinayətin nə vaxt törədilməsindən asılı olmayaraq, bu qatilin məsuliyyətə cəlb olunması ilə bağlı bütün imkanlar var".

Deputatın sözlərinə görə, beynəlxalq hüquq bununla bağlı Azərbaycana mane ola bilməz:
"Bizdən sübutlar istənilə bilər. Bu qatilin əməlləri ilə bağlı faktlar və şahid ifadələri yetərincədir. Bütün bunlar çərçivəsində Xaçatryanın əməllərinə hüquqi qiymət veriləcək. Düzdür, o canilərin bir çoxu obyektiv səbəblərdən hələlik mühakimə oluna bilmir. Ancaq onlar da cinayət məsuliyyətindən kənarda qalmayacaqlar".
Vəkil Əsabəli Mustafayev isə deyib ki, müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsinin həyata keçirilməsi üçün müddət tətbiq olunmur. Hər hansı şəxs cinayət törədibsə, üzərindən uzun müddət keçsə də cinayətin üstü açılarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər:

"Vaqif Xaçatryan kimi müharibə cinayəti törətmiş şəxsin mühakiməsi isə bu baxımdan istisna edilə bilməz. Bu şəxs bəradə beynəlxalq axtarış elan edilib. İndi o, təhlükəsizlik orqanları tərəfindən saxlanılıbsa, onun həbs olunması hüquq müstəvisində tamamilə qanunauyğundur. Beynəlxalq standartlara görə, bəşəri, hərbi cinayətlər törətmiş şəxslərin mühakimə olunması üçün hər hansı müddət limiti yoxdur. Beynəlxalq məhkəmələrin bununla bağlı Azərbaycana irad tutmağa hüquqi əsasları yoxdur. Onlar sadəcə bizdən Xaçatryanın işinin ədalətli araşdıırlmasını xahiş edə bilərlər".

Onun sözlərinə görə, müharibə və insanlıq əleyhinə cinayətlərin anlayışını verən maddələr Azərbaycan Cinayət Məcəlləsində 2000-ci ildə qəbul edilsə də, bu, həmin cinayətləri törətmiş şəxslərin mühakimə olunmasını məhdudlaşdırmır:
"İki və daha artıq şəxsin öldürülməsi və soyqırım törətməkdə iştirak məsuliyyəti dəyişmir. Bu cinayətlər üçün ömürlük həbs nəzərdə tutulur. Həm beynəlxalq hüquq, həm də milli qanuvericiliyimiz bizim haqlı olduğumuzu təsdiqləyir. Burada humanitar məsələlər, yəni saxlanılan şəxsin hüquqları istiqamətində lazımi addımlar atılmalıdır ki, bunu bizə qarşı istifadə etməsinlər".