BAKI, 1 avqust - Sputnik. Böyük azərbaycanlı, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev ana dilimizin qorunması və gələcək nəsillərə saf və təmiz şəkildə çatdırılması üçün var-qüvvəsini sərf edirdi. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini həyat fəlsəfəsi kimi dəyərləndirən Ulu Öndər doğma dilimizin mühafizəsini hər bir vətəndaşın başlıca vəzifəsi hesab edirdi. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, - deyən Ulu Öndər Azərbaycan dilini ən böyük sərvətimiz adlandırırdı.
Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün süni məhdudiyyətlərə baxmayaraq ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qoruyurdu, dövlət dili uğrunda ardıcıl mübarizə aparırdı. Ulu Öndər ziyalılarımızı, xalqı ana dilini dövlət dili kimi yaşatmaq hüququ uğrunda mübarizəyə cəlb edirdi. Çünki Heydər Əliyev bilirdi ki, dil millətin, xalqın varlığını müəyyənləşdirən amillərdən biridir. Azərbaycan dilinin ən böyük mühafizəkarı olması Ümummilli Liderin öz Vətəninə, xalqına olan dərin məhəbbətinin təzahürü idi.
Bu fikirləri Azərtaca açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaradılan imperiyanın müttəfiq respublikalarda milli dili sıxışdırdığını diqqətə çatdıran deputat SSRİ-nin konstitusiyasının qəbul edildikdən sonra milli dillərin sıxışdırılması prosesinin daha da sürətləndiyini bildirib. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi.
Deputat vurğulayıb ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini qoruya bilmişdi.
Hər bir xalqın milli dəyərlərinin ən gərəklisi onun dilidir. Dil sosial həyatın yaşam vasitələrindən biri kimi həmişə mühüm əhəmiyyət kəsb edib. Digər tərəfdən, dil həm də dövlətlərarası münasibətlərin qurulmasında başlıca amillərdən biridir. Azərbaycan dilinin incəliklərini mükəmməl bilən Ulu Öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi, bunu dövlətə sevginin təzahürü, təsdiqi kimi dəyərləndirirdi.
Ümummilli Liderin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə etdiyini diqqətə çatdıran deputatın sözlərinə görə, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın əhəmiyyətindən danışan deputat Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını Ulu Öndərin müdrik siyasətinin nəticəsi kimi qeyd edib.
“Ulu Öndərin siyasi kursunu bu istiqamətdə sədaqətlə davam etdirən Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqlədi. Həmin Fərmana əsasən Nazirlər Kabinetinin müvafiq qərarı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Bütün bunlar ana dilimizə dövlət səviyyəsində diqqət və qayğıdan xəbər verir”, - deyə Səbinə Xasayeva vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.