BAKI, 1 avqust — Sputnik. "Azərbaycan dövləti Qarabağda azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətmiş hər bir şəxsi məsuliyyətə cəlb edəcək. Bu proses hazırda davam etdirilir".
Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-nin "Əsas məsələ" verilişində deyib.
O bildirib ki, Meşəli ermənilərin törətdiyi birinci soyqırımı hadisəsi deyil:
"Kərkicahan, Xocalı, Baş Güneypəyə, Başlıbel, Qaradağlı, "Tunel qətliamı"nda törədilən hadisələrin hər biri fiks edilib. Orada həlak olan vətəndaşlarımız, zərərçəkən şəxslərin hər biri qeydə alınıb. Hər bir hadisə ilə bağlı ilkin zəruri istintaq hərəkətləri tamamalanıb. Bu gün Meşəli soyqırımı ilə bağlı 1992-ci ildə qəbul edilmiş qərarları nümayiş etdirə, tərtib olunmuş sənədləri hamıya təqdim edə bilirik. Digər istintaq hərəkətləri ilə bağlı biz 2022-ci ildə də elan etmişdik ki, cinayət müddətini keçmə məsələsi şamil edilmir".
Ötən həftə Azərbaycan Respublikası Baş Prokurorluğu Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri - 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçatryan Vaqif Çerkezoviçin saxlanıldığını açıqlayıb.
Bildirilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.