RUSİYA

Peskov: BRİKS sammitində qurumun genişləndirilməsi ilə bağlı nüanslar müzakirə olunacaq

Kremlin rəsmi nümayəndəsi xatırladıb ki, assosiasiyaya üzv olmaq istəyini bəyan edən ölkələrin sayı getdikcə artır.
Sputnik
BAKI, 1 avqust — Sputnik. BRİKS-in genişlənməsi mövzusu qarşıdakı sammitin gündəmində əsas yer tutur. Lakin müzakirəsi planlaşdırılan nüanslar da var.
Bunu avqustun 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"BRIKS-in genişlənməsi mövzusu gündəmin əsas mövzusudur. Bu mövzu həmçinin qarşıdakı sammitin gündəmində də əsas yer tutur", - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

O xatırladıb ki, assosiasiyaya üzv olmaq istəyini bəyan edən ölkələrin sayı getdikcə artır. Peskovun fikrincə, bu, öz növbəsində, BRİKS-in artan nüfuzundan xəbər verir.
Eyni zamanda, Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, assosiasiyanın üzvləri arasında onun genişləndirilməsi ilə bağlı bəzi nüanslar da var.
"Yenə də bütün bu nüanslar, əlbəttə ki, qarşıdakı sammit zamanı müzakirə olunacaq", - deyə Peskov bildirib.
KP.RU saytı yazıb ki, Boliviya, Belarus, Efiopiya və digər ölkələr bu yaxınlarda BRİKS-ə üzv olmaq niyyətlərini bəyan ediblər. Bildirilib ki, artıq 13 dövlət rəsmi olaraq assosiasiyaya müraciət edib, ümumilikdə isə 19 ölkə üzv olmaq istəyini qeyd edib.
Bu yaxınlarda Cənubi Afrika Prezidentinin kibertəhlükəsizlik üzrə müşaviri Cozef Pu etiraf edib ki, Cənubi Afrika Respublikasının bir çox sakinləri Vladimir Putinin avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitində iştirak etməyəcəyinə səmimi qəlbdən təəssüflənirlər.
Xatırladaq ki, BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Avqustun 23-də BRİKS sammitinin mərkəzi hissəsi baş tutacaq, onun çərçivəsində Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək.
Avqustun 24-də BRİKS ölkələrinin liderləri BRİKS ilə əməkdaşlığa dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub.
Cənubi Afrikanın hazırkı BRİKS-ə sədrliyi ardıcıl üçüncüdür. 2024-cü ildən BRİKS-ə sədrlik Rusiyaya keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.