BAKI, 1 avqust — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Bu barədə APA-ya Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, həmin Baş İdarələr ləğv olunmayıb.
Vəzifəsindən azad olunan idarə rəisləri aşağıdakılardır:
Çağırış Baş İdarə rəisi general - mayor Çingiz Kiçikbəyov,
Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev,
Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov,
Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev,
Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev.
Xatırladaq ki, bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilmişdi.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.