BAKI, 1 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Qarabağa səfərin proqramı "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərindən başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda kütləvi şəkildə basdırılmış minalar barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb, iki yerüstü minanın zərərsizləşdirilməsi əməliyyatı nümayiş etdirilib.
Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı erməni vandalizmi nəticəsində ərazidəki tarixi, mədəni və dini abidələrin əksəriyyətinin dağıdıldığını bildirib.
Amerikalı jurnalistlər Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını ziyarət ediblər. Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklərini gizlətməyiblər.
Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olub və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.
Səfər zamanı nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət ediblər.
Nümayəndə heyətinin üzvləri Bakıda da bir sıra görüşlər keçirib, Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.