BAKI, 31 iyul - Sputnik. Ukrayna münaqişəsinin nəticəsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş meydanlarında ciddi problemləri ilə deyil, siyasi həll yolu ilə müəyyən ediləcək.
Bu barədə Rusiya mediası İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun "Corriere della Sera" nəşrinə verdiyi müsahibəsindəki çıxışına istinadən xəbər verib.
"Təəssüf ki, heç kim münaqişənin nə vaxt bitəcəyini bilmir. Vəziyyət durğunluq həddindədir. Bu da onun uzun müddət davam edəcəyini vəd edir. Bir çoxları güman edir ki, Ukrayna hücumu çətinliklərlə üzləşib. Rusiyanın müdafiəsi hücumu çətinləşdirir, - deyə Krosetto vurğulayıb.
O, həmçinin qeyd edib ki, müasir dünyada "azadlığı və demokratiyanı unutmağa məcbur edən" hadisələr baş verir. Lakin bu, sülh prosesini yaxınlaşdıra bilər.
Krosetto həmçinin ABŞ prezident seçkilərinin Ukraynadakı vəziyyəti dəyişdirə biləcəyini də irəli sürüb.
Bu yaxınlarda Prezident Vladimir Putin bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukraynadakı mövcud münaqişəni təhrik edən məhz Qərb olub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.