PAYTAXT XƏBƏRLƏRİ

Dəmir yolları arasında keçən ömür: Bakıdakı "Şanxay" nə vaxt söküləcək? Reportaj

Qanuna görə, tikililər əsas dəmiryol xəttindən 25, dəmiryol stansiyasından isə 50 metr kənarda tikilə bilər.
Sputnik
BAKI, 31 iyul — Sputnik. "Bizim "ömür qatarımız" çoxdan gedib. Burada böyüyən uşaqları düşünmək lazımdır. Onların uşaqlıqları dəmir yolu relslərinin arasında keçir".
Bu sözləri Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Bakının Nizami rayonu Keşlə qəsəbəsində yerləşən, "Şanxay" adı ilə tanınan ərazidə dəmir yolu relslərinin ətrafında yaşayan Narxanım Sultanova söyləyib. Onun sözlərinə görə, 2018-ci ildə "Şanxay" ın Pəhləvan Fərzəliyev küçəsindəki yaşayış evləri sökülsə də, ərazidən sakinlərin köçürülməsi prosesi yarımçıq saxlanılıb. Elə bununla da sakinlərin gecəqondulardan şəraitli, işıqlı mənzillərə köçmək ümidi yarımçıq qalıb.
Bu ərazidə nə qədər uşağı qatar vurub
N.Sultanova bildirib ki, 1950-ci illərdə ərazidəki beton zavodunun işçiləri tərəfindən salınmış bu yaşayış massivindəki gecəqondularda artıq yaşamaq mümkün deyil. Həmçinin evlər dəmiryolu xəttinin ətrafında olduğundan uşaqlar üçün bu ərazi təhlükəlidir:
"Bu ərazidə nə qədər uşağı qatar vurub. Dəmiryoluna lap yaxın olan evləri sökdülər, bizim evlərimiz isə qaldı. Burada heç kəs uşağını nəzarətsiz qapıdan həyətə buraxa bilmir. Çünki, küçədən qatar keçir".
Ağayeva Qəbitə isə 1965-ci ildən "Şanxay"da yaşayır. Həmsöhbətimiz deyir ki, yaşadığı evə 11 nəfər qeydiyyatdadır. Amma evinin "kupça"sı yoxdur. Sakinlərin qəsəbədəki evlərinə qeydiyyatı var.
"Mənim 75 yaşım var. Hər il eşidirik ki, buradakı evləri sökəcəklər. Amma hələ də "Şanxay"ı söküb başa çatdırmayıblar. Çox istəyirik ki, buranı söküb camaatı köçürsünlər".
Kompensasiya versələr, sakinlər köçəcəklər
Ərazidə yaşayan sakinlər deyirlər ki, indiyədək köçürülənlərə kompensasiya verilib. Bu da onlarda özlərinə yeni ev alacaqlarına ümid yaradıb.
Qəsəbədə olarkən küçələrdən keçən dəmiryol relslərinin çoxunun üzərinin asfaltlandığı da diqqətimizdən qaçmadı. Sakinlər bildirdilər ki, artıq bu dəmiryol xətləri istifadə edilmir. Ona görə də üstünü asfaltlayaraq yol kimi istifadə edirlər.
Bakıda Şanxay qəsəbəsi
Sakin Mahir Əsgərov bildirib ki, onlarda olan məlumata görə, qəsəbədə dəmiryolunun mühafizə zolağında 2840 qeyri-qanuni tikili var. Bunun 538 qeyri-yaşayış, 2302- i isə yaşayış evidir. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində xüsusi komissiya yaradılıb. Müəyyən edilib ki, 861 təxirəsalınmaz söküntü işləri aparılmalıdır. Onların çoxu sökülsə də, yerdə qalan evlərlə bağlı hələlik qərar verilməyib.
Abil Sultanov adlı sakin isə kompensasiya verilərsə, ərazidən köçməyə hazır olduğunu bildirib.
Sakinlərin dediyinə görə, burada 4 mindən çox evin sənədi yoxdur. Amma insanlar ərazidə "domovoy"larla (ev kitabçaları -red.) qeydiyyata düşüblər. "Şanxay" sakinləri evlərinin söküləcəyi, kompensasiya veriləcəyi günü səbirsizliklə gözləyirlər.
Bakıda Şanxay qəsəbəsi
"Şanxay"ın heç də hamısı Azərbaycan Dəmir Yollarına aid deyil
"Azərbaycan Dəmir Yolları" QSC-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, "Şanxay" adlanan qəsəbədə yerləşən evlərin heç də hamısı Cəmiyyətin ərazisinə düşmür.
"Bu ərazidə elə evlər vardı ki, ADY-nin ərazi hüdudlarında yerləşirdi. Onların əksəriyyəti sökülüb. Qəsəbədə yerləşən bəzi evlər isə dalan xətlərin arasındadır. Dalan xətləri "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında deyil. Onlar fərdi sahibkarlara məxsus dəmiryol xətləridir. Əvvəllər ərazidə olan zavodlardan yüklər dalan xətlər vasitəsilə daşınaraq əsas dəmiryolu xətinə gətirilirdi. Ona görə də, ərazidə yerləşən evlərin nə vaxt söküləcəyini ancaq evin ünvanını dəqiq qeyd etməklə söyləmək olar".
Qurumdan onu da bildirdilər ki, qanuna görə, tikililər əsas dəmiryol xətindən 25, dəmiryol stansiyasından isə 50 metr kənarda tikilə bilər.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. "Şanxay" da mühafizə və sanitar zolağa düşən ərazidir.