BAKI, 31 iyul — Sputnik. "Əgər həqiqətəndə məqsəd ermənilərə yardım göstərməkdirsə, onun hansı yolla gətirilməsi önəmli olmamalıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Xatırladaq ki, iylun 27-də Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.
Ermənistan tərəfi isə artıq bir neçə gündür humanitar yük adı altında nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirib.
Məsələ Azərbaycanın özünə o alternativləri formalaşdırmağa imkan verməməkdir
Millət vəkili qeyd edib ki, Tovuz-Qazax keçidindən və ya Zəngilandan, hətta yüklərin Bakıdan getməsi bir nömrəli məsələ kimi xarici dövlətlərin, beynəlxalq təşkilatların qarşısında durmayıb: "Humanitar hüquq müxtəlif üstünlüklər müəyyənləşdirir və onların hüquqi təsiri hər bir dövlətin milli qanunvericilik sistemi üzərində hökmran qüvvəyə malikdir. Lakin biz unutmayaq ki, indiki halda məsələ Azərbaycanın özünə o alternativləri formalaşdırmağa imkan verməməkdir. Yəni, onlar iddia edir ki, bu gün keçməyi gözləyən tonlarla yük Ağdam yoluna yönələcəyi təqdirdə onu qəbul etməyəcəklər, sonra onları xarab olan yüklər kimi dünyaya humanitar fəlakət kimi göstərəcəklər".
Qarabağdakı ermənilərin konstitusiyamıza tabeçiliyi xarici gün mərkəzlərini regionumuzdan çıxarır
Millət vəkili qeyd edib ki, bu oyunu quranların nəzərində yüz milyon dollarla yardımlar gələcək, siyasi və humanitar baxımından Azərbaycan küncə sıxılacaq: "Beləliklə ermənilərin xilas üçün ayrılma, yəni Kosovaya gedən yolu açılacaq. Bu məqamda mülki ermənilərin ölümünə həmin vəziyyəti yaradan qüvvələr, dairələr fərman verir. Bu gün sadə ermənilərin humanitar təminatı qəti şəkildə onları maraqlandırmır. Məqsəd problemin həllidirsə, onun hava yolu ilə də daşınması problem olmamalıdır. Azərbaycan addımlarını işə salaraq bu gün 20-30 maşını Xankəndi ətrafında qərarlaşdırsa və hamısı da humanitar yüklə dolu olsa da sadə ermənilərə onu əldə etməyə imkan verməyəcəklər. Çünki Azərbaycanın əli ilə erməni əhalisinin sağ qalması, bölgədə barış mühitinin genişlənməsi, Qarabağdakı ermənilərin konstitusiyamıza tabeçiliyi xarici gün mərkəzlərini regionumuzdan çıxarır".
Qarabağ məsələsi bu təzyiqin ən unikal silahıdır
Zahid Orucun sözlərinə görə, bu düşmənçiliyin olmaması ondan faydalanan qüvvələrin qlobal bazarına və mənafelərinə zərbələr endirir: "Onlar buna yol verməzlər axı. Həndəsədə əksini fərz etmək isbat etmək termini var. Hesab edin ki, separatizmdə iştirak etmək qüvvələr Azərbaycan cəmiyyətinə inteqrasiya etdiyi halda ölkəmizin iqtisadi, siyasi gücü artardı. Bizim neft-qaz sərvətlərimizi ələ keçirmək uğrunda amansız savaş aparanlar bizə təzyiq necə edərdilər?! Axı, Qarabağ məsələsi bu təzyiqin ən unikal silahıdır".
Ermənilərlə bizim normal münasibətlərimiz başlasa Arutyunyanların hakimiyyəti yıxılar
Millət vəkili qeyd edib ki, Azərbaycana alternativləri formalaşdırmağa imkan vermirlər: "Əməkdaşlıq əvvəlcə Sərsəngdə başladı, sonra ekoloji, meşə-təsərrüfat sistemləri arasında getdikcə əlaqələr quruldu və dərhal Ruben Vardanyan əməliyyatını işə saldılar. Bu işə yaramadı, sonra növbəti təxribatlar baş verdi. Sonra Azərbaycan Xocalıda görüşlərə başladı. Fərz edin ki, Azərbaycana təzyiq fonunda sabah 20 nəfər vətəndaşımız Xankəndinə yol düşsə, oradakı mülki ermənilərlə danışmaq istəsələr bu Arayik Arutyunyanların və onun çevrəsində olanların mövqelərinə inanılmaz zərbə vurar. Onlar sadə vətəndaşlar üzərindəki hökmranlıqları ilə onları bizə düşmən edirlər. Oradakı ermənilərlə bizim normal münasibətlərimiz başlasa Arutyunyanların hakimiyyəti yıxılar. Həmin erməniləri bizə qarşı fobiya ilə saxlayırlar".
Qafqazda separatizmin himayədarı kimi çıxış edirlər
"Həmin o qüvvələr öz gələcəklərinə inanmadıqları üçün evlərini satışa çıxarıblar və özlərini xilas etmək istəyirlər. Azərbaycanın əleyhinə beynəlxalq mühit formalaşdırmaqla Qarabağın tanıtdırılması layihəsini gerçəkləşdirmək istəyirlər. Ukraynada Luqansk və Donetsk məsələsində guya Rusiya ilə savaşdıqlarını göstərən bu dairələrin Qafqazda isə separatizmin himayədarı kimi çıxış edir. Həmin bu dairələr bu gün beynəlxalq təhlükəsizlik sistemini təhdid edir. Onlar Ukrayna xalqının da yanında deyillər. Rusiyaya qarşı Azərbaycanın bir savaş mövqeyi meydana gəlsə, bütünlüklə bizim tərəfə keçəcəklər. Məqsəd bizim tərəfdə olmaq deyil, tərəfləri bir-birinə qırdıraraq regionu əldə saxlamaqdır. Ona görə də Azərbaycan bu gün xarici dairələrin himayəsi altında qurulmuş tamaşanı onların əleyhinə çevirmək üçün addımlar atmalıdır və atır", - deyə millət vəkili vurğulayıb.