BAKI, 30 iyul - Sputnik. 2022-ci ildə Rusiyada yeniyetmələr tərəfindən törədilən xüsusilə ağır cinayətlərin sayı 22,5% artaraq son beş ildə maksimuma çatıb.
Bu barədə məlumat Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın son bir ildə gördüyü işlərə dair hesabatında yer alıb.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş xüsusilə ağır cinayətlərin sayı 22,5% artaraq 2 256 fakt (2021-ci il – 1 841) təşkil edib:
“Bu, son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin ümumi sayı 2021-ci ildə 31,9 min hadisəyə qarşı 4,4% azalaraq 30,5 min təşkil edib.
Cinayətlərin ümumi strukturunda yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin xüsusi çəkisi də 2022-ci ildə 3,1%-dən 2,9%-ə qədər azalıb. Cinayət törətməkdə 26,3 min yeniyetmə iştirak edib ki, bu da bir il əvvəlkindən (29,1 min) 9,7% azdır”.
Müvəkkil əlavə edib ki, yetkinlik yaşına çatmayanlar arasında zorlama və dələduzluq kimi cinayətlərin sayında əhəmiyyətli artım narahatlıq doğurur (Report).