BAKI, 30 iyul - Sputnik. Qərb ölkələri vədlərinə baxmayaraq, Rusiya ilə müharibə bitdikdən sonra da Ukraynanı Şimali Atlantika Alyansına qəbul etməyə bilər.
Bu barədə Avstraliya Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Loik Simone "Conversation" portalı üçün yazdığı məqalədə qeyd edib.
"Atəşkəs razılaşması əldə olunduqdan sonra belə, heç bir şey bütün müttəfiqlərin Ukraynanın namizədliyini yekdilliklə dəstəkləyəcəyinə zəmanət vermir", - məqalədə deyilir.
Ekspertin sözlərinə görə, Ukraynanın bloka qəbul edilməsindən ehtiyat edən NATO-ya üzv olan ölkələr Krımın statusundan bəhanə kimi istifadə edərək, münaqişə bitəndən sonra da Kiyevə rədd cavabı verə bilər.
Onun sözlərinə görə, Rusiyanın yarımada üzərində nəzarəti daimidir və NATO-da bir çoxları bunun gələcəkdə də davam edəcəyinə inanır.
Xatırladaq ki, ABŞ-ın sabiq Prezidenti Donald Tramp, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların belə təhlükəli olduğunu və bu barədə düşüncənin tamamilə axmaqlıq olduğunu söyləyib.