BAKI, 29 iyul - Sputnik. Goranboy rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
"Report"un məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayonunun Boluslu, Məşədiqaralar, Eyvazlılar və yaxın kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Güclü külək səbəbindən Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində sürücülərin avtomobillərini idarəetməsi qismən çətinləşib.
Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.
Qeyd edək ki, küləkli hava şəraiti Gəncə şəhərində və yaxın rayonlarda da müşahidə olunur.