BAKI, 29 iyul — Sputnik. Bir möcüzə baş vermişdi, yenicə ürək döyüntüsü hiss olunurdu, gözlə görülməyəcək bir zərrəcik idi, dəyər idi, bəlkə də gələcəyin ən parlaq şəxsiyyəti olacaqdı. Amma 12 həftəsində qız olduğunu öyrənən valideynlər ondan qurtulmaq üçün abortu seçdilər.
Hələ analıq hissinin nə olduğunu yaşamadan öncə məni düşünürən bir sual var idi: ürəyi çırpınan, canı canından olan bir zərrəciyə, Allahın möcüzəsinə, illərlə bir çox ailələrin arzusunda olduqları bu övlad payına necə bədənin kiçik bir hissəsinə - cinsiyyətinə görə qıya bilərsən? Ana olan bir bəndə necə belə qəddar davrana bilər? Abortdan sonra onu cansız görmək necə, o da bir vicdan hissi oyatmır?!
Əslində ən böyük qatillər məhz selektiv abortu seçənlərdir.
Rəqəmlər də ölkəmizdəki vəziyyətin acınacaqlı oluğunu göstərir.
Təəssüf ki, son otuz ildə, daha dəqiq desək 1990-cı illərin əvvəllərindən Azərbaycanda cins nisbəti ciddi şəkildə pozulmağa başlayıb. Belə ki, 1990-cı ildə 100 qıza 107, 1996-cı ildə 112, 2000-ci ildə 115, 2010-cu ildə 117, 2016-cı ildə 114, 2018-ci ildə 115, 2020-ci ildə 114, 2021-ci ildə 116, ötən il isə 112 oğlan düşüb.
BMT-nin Əhali Fondunun məlumatına görə, bioloji normaya görə dünyaya gələn hər 100 qız uşağına düşən oğlan uşağının sayı heç bir xarici müdaxilə olmadıqda 102-106 arasında dəyişir. Bu göstəricinin 106-dan çox olması gender əsaslı cins seçiminə, yəni oğlan uşaqlarına üstünlüyün verilməsinə işarə edir.
Vəziyyət belə davam edərsə, nəticə daha pis olacaq
BMT-nin Əhali Fondunun yaydığı məlumata görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək hər il doğulan oğlan uşaqlarının sayı qızların sayından 12 000 - 15 000 nəfər çox olacaq.
Bəs, Azərbaycanda ailələr nə üçün oğlan uşaqlarına üstünlük verirlər?
Azərbaycan ailələrindəki mənzərəyə baxaq:
Hər şey ana bətnindən başlayır...
Bir körpə dünyaya gəlir, qız olduğunu bilən qohum-əqrəba cütlüyə “təsəlli” verir, “inşallah ikinci oğlan olar” deyir. Sonradan bu təzyiqlər daha da artır. İkinci, üçüncü övlad da qız olarsa, qadına bəziləri sonsuz kimi yanaşır, “mütləq bir oğlan dünyaya gətir” deyərək “məsləhət” verirlər. Əksər hallarda təhsil almayan, normal dünya görüşü formalaşmayan bu qadınlar özlərini natamam, uğursuz hiss edir və düşünür ki, həyat yoldaşı və onun ailəsi üçün yerini yaxşı etmək, təzyiqlərdən yaxa qurtarmaq üçün bir oğul övladı da dünyaya gətirməlidir.
Eqoizm
"Mal-mülk oğula qalmalıdır" stereotipi formalaşdığı üçün cütlüklər hələ gənc yaşlarda “uzaqgörənlik” edib qocalıqlarını düşünürlər. Nəticə etibarı ilə belə qərara gəlirlər ki, qızları olsa, onu əslində başqa bir ailə üçün, oğullarını isə özləri üçün böyütmüş olacaqlar, dara düşəndə də yanlarındakı övlad onların dadına çatacaq.
Yaşlı valideynlər səmərəli sosial təminat mexanizmlərinin olmadığı təqdirdə daha çox oğullarının dəstəyinə güvənməli olduqlarını bildirirlər. Bu gün Azərbaycan ailələrində vərəsəlik və torpaq hüquqları əsasən kişi xətti ilə ötürülür. Bəzi Azərbaycan ailələrinin mentalitet düşüncəsində qızlar ailə qurarkən başqa ailəyə köçdükləri üçün və ehtiyac yarandıqda yaşlı valideynlərinə dəstək olmaq imkanları məhdud olur. Bu və bu kimi səbəblərə görə ata-ana yalnız oğul övladlarını soyad daşıyıcısı kimi görür, var-dövlətlərini, miraslarını da əksər hallarda oğulları üçün vəsiyyət qoyur, qıza isə “köçəri quş” kimi baxırlar. Bəli, “köçəri quş”, “qız yükü, duz yükü”, “qızını döyməyən dizini döyər”, “yeddi oğul istərəm, bircə dənə qız gəlin” kimi qəlib olaraq formalaşan bu mənfi düşüncələrin də müəllifi Azərbaycan ailələridir.
Zamanla formalaşan bu aforizmlər cəmiyyətimizdə qızın, qadının dəyərini əskildib, hüquqlarını məhdudlaşdırıb.
Bu ənənələr ötən əsrin 90-cı illərindən daha da sərtləşdi:
Ötən əsrin 90-cı illərində nə baş verdi?
1990-cı illərdə yaranmış iqtisadi vəziyyətə görə ailələr daha az sayda övlada sahib olmağa üstünlük verməyə başladı. Bu səbəbdən nəsilvermədə baş verən tənəzzül dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətin pozulmasına şərait yaratdı. Ailədə uşaqların sayı azaldıqca oğlan uşaqlarına üstünlük verilməsi daha aydın şəkildə özünü büruzə verməyə başladı.
Yəni, Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda bəzi ailələr sərf qocalanda baxıcıları olsun deyə övlad dünyaya gətirirlər. Onlar xüsusən qocalıqlarını, nəslin davam edilməsini düşünərək oğlan uşaqlarının dünyaya gəlməsinə üstünlük verirlər.
Tədqiqatlar nə deyir?
BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə birgə həyata keçirilmiş “Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat”ın nəticələrə görə həm kişi, həm də qadın respondentlər ailədə qız uşağından çox oğlan uşağının olmasına üstünlük verir. Qadınlarla müqayisədə kişilər oğlan uşaqlarının sayının daha çox olmasını istəyirlər.
Tədqiqata görə, kişilərin 6 faizi, qadınların isə 17.5 faizi qız uşaqlarının daha çox olmasına üstünlük verir. Kişilərin 41.5 faizi, qadınların 18.3 faizi oğlan uşaqlarının daha çox olmasına üstünlük verir. Kişilərin 0.6 faizi, qadınların isə 1.5 faizi yalnız qız, kişilərin 6.0 faizi, qadınların 6.7 faizi yalnız oğlan uşaqlarının olmasını istəyir.
Ana bətnində yaşamaq “seçimi” qazananların hamısı ağ günə çıxa bilirmi?
Bəzi qızlar, qadınlar təkcə ana bətnində deyil, həyatlarının sonrakı mərhələlərində də şiddətlə, ölümlə üz-üzədirlər
Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, 2013-cü ildə məişət zorakılığı nəticəsində ölən qadınların sayı 35, 2014-cü ildə 26, 2015-ci ildə 33, 2016-cı ildə 29, 2017-ci ildə 41, 2018-ci ildə 40, 2019-cu ildə 33, 2020-ci ildə 41, 2021-ci ildə 46 olub.
DİN-in məlumatına görə, 2021-ci ildə "102" qaynar xəttinə ailə münaqişəsi-məişət zorakılığı ilə bağlı ümumilikdə 7 min 647 müraciət daxil olub. Həmin məlumata əsasən, 602 nəfər ailəli qadın əri tərəfindən döyülüb. Ümumilikdə DİN-ə qadınların döyülmə faktı ilə bağlı 4 min 52 məlumat daxil olub və bunların hər biri təsdiqini tapıb.
Bu ölümlərə əsas səbəb nədir?
Bir il öncə qətlə yetirilən həkim Xalidə Kəngərlinin vəkili Hikmət Əliyev deyir ki, uşaqlıqdan "sındırılan iradə", cəsarətsizlik, təhsilsizlik, hüquqlardan xəbərsizlik qadınların qətlə yetirilməsinə səbəb olur.
O qeyd edir ki, hətta hüquqlarını bilən qadınlar belə bundan istifadə etməkdə çəkinir: “Qadınların böyük əksəriyyətində belə cəsarət olmur. Çox nadir hallarda döyülən qadınlar ilk dəfədən polisə şikayət edir.
Vəkil Ayşə Abdel Qadir isə deyir ki, əsas problem isə ailə həyatı qurduqdan sonra qadına bir "mülkiyyət" kimi baxılmasından başlayır. Onun sözlərinə görə, bəzi hallarda həyat yoldaşları qadınların həyatını təhlükəyə atır, döyür, onları həyatdan bezdirərək intihara təhrik edir, “namus” adlandırdıqları məfhumu əsas götürür, qadınları "mülkiyyət"ləri kimi görürlər: “Yəni bəzi kişilərə görə onların “mülkiyyət”lərinin ayaq açıb gəzməsi, nəyəsə görə onlardan icazə almaması narahatlıqdır”.
Həmsöhbətimiz bildirir ki, hüquqi biliklərlə bağlı savadlılıq səviyyəsinin aşağı olması da cinayətlərə səbəb olur. Bu səbəbdən də o təklif edir ki, insanların hüquqlarını bilməsi üçün bir dövlət siyasəti, hüquqi savadlılığın artırılması üçün dövlət strategiyası olmalıdır. Vəkil deyir ki, cəmiyyətdə gender bərabərliyi təmin olunduqda hər kəs başa düşəcək ki, fərdlər cinsiyyətinə görə fərqli yanaşmaya məruz qalmamalıdır, həyatı ilə bağlı sərbəst qərar verməlidir.
Bəs, medianın gözündə qadın obrazı necədir və biz cəmiyyəti daha da maarifləndirmək üçün nələrdən qaçmalıyıq?
Təəssüflər olsun ki, media da bəzən arzuolunmaz alətlərdən istifadə edir:
Qətlə yetirilən qadın bədəni
Xəbərin təsirini artırmaq üçün döyülmüş qadın şəkli
Yaxud da çılpaq qadın bədəni
Bəzi fotolar, ifadələr qadını günahkar kimi təqdim etməyə şərait yaratmaqla əsl günahkarın deyil, zorakılıq qurbanı olan şəxsin qınanılması üçün münbit mühit formalaşdırır.
Bu cür fotolar, ifadələr bənzər travmalar almış qadınların həmin anları bir daha yaşamasına səbəb olur. Nəticə etibarı ilə qadınların imicinə zərər verir və zorakılığı normal bir hal kimi qəbul etdirir.
BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlim çərçivəsində də ekspert qismində çıxış edən mütəxəssislər müəyyən nüanslara diqqət edilməsinin vacibliyini vurğulayıblar.
Ekspertlər bildirib ki, mediada zorakılığı normallaşdıran şəkillərdən istifadə edilməməli, bunun əksinə təcavüzkar ifşa edilməlidir.
Ekspertlər bildirir ki, vizual mediada cinsi zorakılıq hallarını işıqlandıran zaman insidentin göstərilməsi xilas olanların iztirabını daha da gücləndirə bilər. Mediada hekayənin bu şəkildə təsviri həmçinin gender əsaslı zorakılığa meyilli olan insanları həvəsləndirmək riskini yarada bilər. Gender əsaslı zorakılıq xəbərlərində zorlama və cinsi zorakılıq hallarını, "seksual poza"nı nümayiş etdirən fotolardan istifadə edilməməlidir.
Xəbər dilində "seksizm"dən imtina etməliyikmi?
Cəmiyyətdə yeganə söz sahibləri kişilər olmaddığından qadınların fikirlərini öyrənməklə biz həm də onların cəmiyyətdəki uğurlarını, irəliləyişlərini göstərə bilərik.
Türkiyənin media üzrə eksperti Yıldız Derya təlim çərçivəsində bildirib ki, əksər hallarda hər hansı mövzuda yazı hazırlayarkən ekspert qismində kişilərə müraciət edilir: “Biz qadınların da fikirlərini öyrənməklə onların cəmiyyətdəki uğurlarını, müxtəlif sahələrdə irəliləyişlərini göstərə bilərik”.
Onun sözlərinə görə, uğur və uğursuzluq sadəcə bir cinsiyyətə xas özəllik deyil.
"Məgər pis hadisələr, uğursuzluqlar yalnız qadınların, qız uşaqlarının başına gəlir? Zəlzələ kimi bədbəxt hadisələrdə biz qız uşaqlarının fotolarını yayımlamağa üstünlük veririk. Əslində bu kimi məsələlərdə də diqqətli olmalıyıq, çünki biz bilmədən müəyyən stereotiplər yaradırıq", - deyə o əlavə edib.
O bildirir ki, qız uşaqları, qadınların fərqli rollarını, obrazlarını qabardıb işıqlandırmalıyıq: “İdman xəbərlərindən yazan qadınların sayı nə qədər artarsa, düşünürəm ki, qadın idmançıların rolu da bir o qədər də qabardılar”.
Media üzrə digər ekspert Ayşe Karabat isə bildirib ki, xəbərlərdə qadın və qız uşaqlarının dəyərini azaldan dildən istifadə edilməməlidir.
Bundan başqa, ekspert qeyd edir ki, "qurban" sözü əvəzinə xilas olan, yaxud da zərərçəkmiş şəxs ifadəsini işlətmək ən düzgünüdür:
"Cinayətkarın lehinə olan ifadələri işlətməməliyik. Xəbərdə həyatda qalan şəxsin geyimi, işi, vərdişləri, keçmişinə köklənməməliyik. Cinsi təcavüzü sadəcə olaraq cinayətkarın günahı kimi qəbul etməliyik. Bu hadisə cinayətkarın verdiyi səhv qərarların nəticəsində baş verir".
O qeyd edir ki, cinsi təcavüzə məruz qalan şəxsləri "məhv olmuş, "ləkələnmiş", "namusunu itirmiş" kimi təqdim etməməli, bu şəxslərin ağır travmalara məruz qaldığını da unutmamalıyı: “Elə düşünün ki, xəbərdə haqqqında danışdığınız şəxs ailənizin bir üzvidir. Təbii ki, belə olan halda siz daha həssas dildən istifadə edəcəksiniz. Yəni şəxsin ailənizə yaxın biri olub-olmamasından asılı olmayaraq xəbərlərdə həssas dildən istifadə edilməlidir.
Daha əvvələ qayıtmalıyıq – ilk dayanacağımıza, hansı ki, elə stereotiplər də ordan başlayır
A.Karabat qeyd edir ki, jurnalistlər orta məktəb kitabları ilə bağlı bir araşdırma aparmalıdırlar:
"Məsələn, kitablardakı mətn və vizual təsvirlərdə qadın və kişinin rolu necə nümayiş olunur? Seksizm ifadələr, qəliblərin olduğu kitablar, tədris vəsaitləri haqda materiallar yayımlanmalıdır. Qadın və kişi hüquqlarının bərabər olduğu göstərilməlidir. Bundan başqa, müəllimlərin də gender bərabərliyi ilə bağlı biliklərə sahib olub-olmadıqları araşdırılmalıdır".
Söz və ifadələrə həssas yanaşmalıyıq
Ekspert həmçinin bildirir ki, istifadə etdiyimiz söz və ifadələrə çox həssas yanaşmalıyıq:
"İllərdir istifadə etdiyimiz və dilimizdə qəlibləşən sözlər var ki, seksizmi, cinsi ayrı-seçkiliyi təbliğ edir. Seksizm ifadələrdən imtina etmək lazımdır. Çox vaxt qadın sözünü başlıqlara çıxarırıq. Öz-özümüzə sual verməliyik: xəbərdə haqqında bəhs etdiyimiz şəxs kişi olsaydı, biz bunu xəbər edərdikmi, yaxud bu cür yazardıqmı? Məsələn, xəbərin başlığında "kişi mühəndis" yazardıqmı? Bundan başqa öz fikirlərimizi xəbərlərə əlavə etməməliyik. Mühakiməedici dildən imtina olunmalıdır. Kişilərə verilməyəcək suallar qadınlara verilməməlidir. Qadınları yalnız "qurban" kimi göstərməkdən imtina etməliyik".
O öncə sadəcə olaraq çırpınan bir ürəkdir, qız övladıdır, o anadır, o qadındır, o dəyərdir. O gələcəyin ən parlaq şəxsiyyətlərinin qurucusudur, ən güclü kişinin dayağıdır, xoşbəxt ailənin təməlidir. Onların sevgiyə ehtiyacı var, sevginizi heç vaxt əskik etməyin cənablar…
Qeyd edək ki, bu yazı BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlim çərçivəsində hazırlanıb.