DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT Təhlükəsizlik Şurası Niger prezidentini dərhal azad etməyə çağırıb

Qurum üzvləri Niger Respublikasının qanuni hökumətinin konstitusiyaya zidd olaraq dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyib.
Sputnik
BAKI, 29 iyul — Sputnik. BMT Təhlükəsizlik Şurası (TŞ) Nigerdəki hərbi çevrilişi kəskin şəkildə pisləyib, prezident Məhəmməd Bazumun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə iyulun 28-də keçirilən məsləhətləşmələrdən sonra qəbul edilən birgə bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Niger Respublikasının qanuni hökumətinin konstitusiyaya zidd olaraq dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyib.
Şuranın üzvləri respublikanın demokratik yolla seçilmiş prezidenti Məhəmməd Bazumu qeyd-şərtsiz və dərhal azad etməyə çağırıb, onun, ailəsinin və hökumət üzvlərinin müdafiəsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Mohamed İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Abdurahman Çiani rəhbərlik edib. O, hərbi çevrilişin üçüncü günü özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.