CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərindən bu barədə çıxarışlar, şəhadətnamələr və ya arayışlar vermək qadağan edilir.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib. Sputnik Azərbaycan-ın ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib.
İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılıb. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilib.
Dəyişikliyə əsasən, övladlığa götürmənin dövlət qeydiyyatı "Elektron məhkəmə" informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa (məhkəmə qətnaməsinin nəticə hissəsinə) əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılacaq. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd olunan məlumatlar (övladlığa götürülənə soyadı və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlər valideyn kimi yazıldıqda bu barədə məlumat) əsasında tərtib ediləcək.
Bu vaxta qədər övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilib. Bundan sonra Ailə Məcəlləsinin 130.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, övladlığa götürənlərin, onlar öldükdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərindən bu barədə çıxarışlar, şəhadətnamələr və ya arayışlar vermək qadağan edilir.
İndiyə qədər qüvvədə olan Qaydaya görə, qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi tərtib olunarkən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən müəyyən edilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürmənin qeydiyyatı aparılıb.
Dəyişikliklərlə əlaqədar bu müddəalar ləğv olunub.
Qeyd edək ki, 2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-si 12-18 yaş aralığında olanlardır.