HƏRBİ

Zəngilanda hərbi sursatlar aşkar edilib

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər. Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Zəngilan RPŞ-də araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Ziya Bünyadov prospektində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.