BAKI, 27 iyul — Sputnik. Taxıl sazişində Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükü yolunda qeyri-qanuni maneələrin aradan qaldırılması ilə bağlı öhdəliklər var idi, lakin Rusiyanın heç bir şərti yerinə yetirilmədi. Bunu Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
"Rusiya taxıl və gübrələrinin dünya bazarlarına çıxarılması yolunda qeyri-qanuni maneələrin aradan qaldırılması ilə bağlı öhdəlikləri nəzərə alaraq bu qondarma sövdələşmədə iştirak etməyə razılıq verib", - dövlət başçısı qeyd edib.
"Əslində müzakirə etdiyimizdən və bizə vəd edilənlərdən heç biri həyata keçirilmədi", - Rusiya lideri bildirib.
Putin vurğulayıb ki, Rusiyanın taxıl və gübrə ixracının sanksiyalardan azad edilərək dünya bazarlarına çıxarılması ilə bağlı sazişin şərtlərindən heç biri yerinə yetirilməyib.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Avropa ölkələrinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Qara Dəniz Taxıl Təşəbbüsü fəaliyyətini dayandırdıqdan və dəniz humanitar dəhlizinin məhdudlaşdırılmasından sonra, 20 iyul 2023-cü il gecə yarısından etibarən Qara dənizdəki Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab edilir və Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsinə cəlb edilir, Rusiya Müdafiə Nazirliyi bildirir. Bundan əvvəl Bloomberg yazıb ki, gəmiçilik biznesinin bir sıra nümayəndələri əmindirlər ki, taxıl müqaviləsinin müddəti başa çatdıqdan sonra "ağılları yerində olan" heç kim gəmiləri təhlükəli marşrutlar üzrə dənizə göndərməyəcək.