RUSİYA

Putin "Şimal-Cənub" dəhlizinin potensialından danışdı

Sankt-Peterburqda keçirilən İkinci Rusiya-Afrika sammitində bir çox mühüm sənədlərin imzalanması gözlənilir.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya mallarının Afrikaya və həmçinin Afrika mallarının Rusiyaya çatdırılması üçün daha qısa marşrutu təmin edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında bildirib.
"Rusiya həmçinin qlobal Cənub ölkələrinə, təbii ki, Afrikaya doğru nəqliyyat və logistika axınlarının istiqamətinin dəyişdirilməsi ilə fəal məşğul olur. İnkişaf etdirdiyimiz Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Rusiya malları Fars körfəzinə və Hind okeanına, oradan ən qısa dəniz yolu ilə Afrika qitəsinə çata biləcək", - Rusiya lideri bildirib.
O vurğulayıb ki, bu dəhliz həm də Afrika mallarının Rusiya bazarına çıxarılması üçün əks istiqamətdə istifadə oluna bilər.
"Şimal-Cənub nəqliyyat dəhlizinin Afrika ilə əlaqəsinin təmin edilməsi, müntəzəm yükdaşıma xətlərinin işə salınması üçün çalışırıq", - Putin əlavə edib.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda işə başlayan ikinci Rusiya-Afrika sammitində bir çox mühüm sənədlərin imzalanması və Rusiya ilə Afrika qitəsi ölkələri arasında 2026-cı ilə qədər tərəfdaşlıq planının təsdiqlənməsi gözlənilir.
Sammitdə taxıl sazişi, qida, enerji sahəsində əməkdaşlıq da müzakirə olunur, suverenliyin qorunması sahəsində təcrübə mübadiləsi gözlənilir.
RUSİYA
Putin taxıl sazişi barədə: Bizə verilən vədlər yerinə yetirilməyib