SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan hərbi toqquşma niyyətinə düşsə, bu onun üçün intihar olacaq - deputat

Elman Nəsirov deyib ki, Ermənistanın silahlanması regionu barıt çəlləyinə çevirməklə arzuolunmaz hadisələrin yaşanmasına zəmin yaradır.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Ermənistanın hərbi xərclərini artırması bir daha onu təsdiqləyir ki, bu ölkədə revanşizm hələ də güclüdür.
Bu sözləri hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Elman Nəsirov son dövrlər Ermənistanın müdafiə xərclərini artırması ilə bağlı məlumatları şərh edərkən deyib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 6,5 milyon dollar məbləğində əlavə vəsait alacaq. Bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Əvvəlki iclasda da oxşar qərar qəbul edilib: o zaman nazirliyə 17 milyon dollardan bir qədər çox əlavə vəsait ayrılıb.
Xatırladaq ki, 2023-cü il üçün Ermənistanın müdafiə büdcəsi təxminən 1,31 milyard dollar və ya 2022-ci illə müqayisədə 35% çox nəzərdə tutulub. Eyni zamanda, 2023-cü ilin birinci rübündə Ermənistan MN-in tabeliyində olan əsaslı tikinti 3 dəfə az yerinə yetirilib. Yəni 158 milyon dollar vəsait ayrılsa da, bunun sadəcə 50 milyon dollardan bir qədər çoxu tikinti üçün sərf edilib.
Bütün bunlar isə Ermənistan MN-in büdcəsinin kütləvi silahlanmaya sərf olunması ehtimallarını artırır.
E.Nəsirov bildirib ki, Ermənistanın hərbi xərclərini artırması bir daha bu ölkədə revanşizmin hələ də güclü olduğunu təsdiqləyir:
"Ermənistanın silahlanması regionu barıt çəlləyinə çevirməklə arzuolunmaz hadisələrin yaşanmasına zəmin yaradır. Onlar 30 ildir xülya ilə yaşayırlar. Amma bunlar mənasız arzulardır. Azərbaycanla hərbi rəqabətə girmək odla oynamaqdır. Onlar hər hansı hərbi toqquşma niyyətinə düşsələr, bu onlar üçün intihara bərabər olacaq".
DÜNYA XƏBƏRLƏRİ
Ermənistan hökuməti Müdafiə Nazirliyinə ayrılan xərcləri artırıb