BAKI, 26 iyul — Sputnik. Azərbaycana xaricdən gətirilən kərə yağlarının qiyməti ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı, idxal həcmlərində də azalma müşahidə edilir.
Bu il 1 ton kərə yağının idxal qiyməti 147 dollar ucuzlaşıb
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin 6 ayında Azərbaycana 1 ton kərə yağının orta idxal qiyməti 5 min 530 dollar təşkil edib. Keçən ilin eyni dövründə isə 1 ton kərə yağının orta idxal qiyməti 5 min 677 dollar olub. Beləliklə, bu il 1 ton kərə yağının orta idxal qiyməti 147 dollar ucuzlaşıb.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 47 milyon 19 min dollar dəyərində 8 min 501 ton kərə yağı idxal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə kərə yağı idxalı dəyər ifadəsində 23,1%, miqdar ifadəsində 21,1% azalıb.
Kərə yağı niyə ucuzlaşıb?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, dünyada kərə yağı istehsalının artması, tələbatın nisbətən aşağı düşməsi, daşınma xərclərinin kəskin enməsi kərə yağının ucuzlaşmasına səbəb olub: "Hazırda 40 futluq konteynerin daşınma xərci 2700-2800 dollardır. Lakin bir ara bu, fantastik həddə - 11-12 min dollara qalxmışdı. 2018-2019-cu illərdə də 40 futluq konteynerin daşınma xərci 2700-2800 dollar olub. Məhsulun maya dəyərində daşınma xərcləri mühüm əhəmiyyət kəsb edir. Daşıma xərclərinin kəskin aşağı düşməsi məhsulun maya dəyərini aşağı salır və ona görə də qiymət enir".
Ekspert növbəti aylarda kərə yağının bahalaşacağını gözləmir.
Bazarda kərə yağı ucuzlaşıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında aylıq müqayisədə Azərbaycanda yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 19,30 manatdan 19,25 manata, idxal kərə yağının 1 kq-nın orta satış qiyməti 20,11 manatdan 19,97 manata düşüb. Rəqəmlərdən də göründüyü kimi, idxal edilən kərə yağının qiyməti yerli kərə yağından daha çox ucuzlaşıb. İdxal kərə yağının qiymətində cari ilin mart ayından etibarən enmə müşahidə edilir.
Ölkədə kərə yağı istehsalı artıb
Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 13 min 513 ton kərə yağı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.