CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir
Sputnik
BAKI, 25 iyul — Sputnik. Bakının küçə və prospektlərində nəqliyyat vasitələrinin dayanma, durma və parklanması ilə bağlı mövcud problemlərin həll edilməsi, nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün sistemli tədbirlər görülür.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Xatırladaq ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. IV parklanma zonasına aid ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Bu gündən qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçirilir. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə işlərə başlanılıb. Görülən tədbirlər çərçivəsində mərkəz və I zonaları əhatə edən ərazilərdə infrastruktur işləri – yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin təşkili həyata keçirilməkdədir.
Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Tətbiq artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Proses başa çatdıqdan sonra ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və I zona olmaqla mərhələli şəkildə başlanılacaq. Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də "Nəqliyyat Könüllüləri" prosesə cəlb olunacaq.
"Yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik", - deyə AYNA bəyan edib.