BAKI, 24 iyul — Sputnik. Taksi fəaliyyətinin tənzimlənməsi üçün Milli Məclisdə qanunlara təklif edilən dəyişikliklər, eləcə də yollarda taksilərlə bağlı keçirilən reydlər taksi xidmətinin qiymətində nəzərəçarpacaq artıma səbəb olub. Paytaxtda fəaliyyət göstərən “Bolt”, “Uber” kimi beynəlxalq taksi xidmətlərinin qiymətlərində 3-4 manat civarında bahalaşma müşahidə olunur.
Sosial platformada taksi xidmətində qiymətlərin əhəmiyyətli dərəcədə bahalaşacağı, bu sahədə tənzimlənmənin taksilərə əlçatanlığı azaldacağı barədə məlumatlar dolaşır. Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isəbildirib ki, yol polisi qaydaları pozan istənilən sürücü barəsində tədbir görmək səlahiyyətindədir, bunun nə "Uber"ə, nə də "Bolt"a aidiyyatı yoxdur:
"Bizim üçün yollarda olan bütün hərəkət iştirakçılarının, yəni ümumi nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək əsas vəzifədir. Qanunlar və qaydalara əməl etmək isə hər bir vətəndaşın öz məsuliyyətidir. Heç kimə ayrı seçkilik oluna bilməz. Polis dövlətini, onun vətəndaşını və Azərbaycan Respublikası ərazisində olan bütün şəxslərin qanunla nəzərdə tutulan hüquq və azadlıqlarını qoruyur".
Sputnik Azərbaycan taksi xidməti ilə bağlı yeni qanunların tətbiqinin, keçirilən reydlərin bu sektorda hansı dəyişikliyə səbəb olacağını araşdırıb.
Taksi qiymətləri niyə bahalaşıb?
Bu suallara cavab tapmaq üçün öncə "Bolt" taksi şirkətinin sürücüsünün özü ilə söhbətləşirik. Mehrac Babayev Sputnik Azərbaycan-a açıqlamasında son günlər taksi qiymətində 2 manatadək bahalaşmanın olduğunu təsdiqləyir. Onun sözlərinə görə, qiymətlərin artması taksi xidmətinə dövlət nəzarətinin artması ilə bağlıdır. O, reydlərdən sonra avtomobilinə "Bolt" "Uber" şirkətinin reklamlarını vuran sürücülərin xəttə daha az çıxdığını söyləyir:
"Əvvəl polis taksi şirkətlərinin avtomobillərini çox az halda, cəriməsi olanda, qayda pozuntusu edəndə saxlayırdı. Amma ötən həftədən tez-tez saxlayır. Ona görə də, şirkətin reklamını vuran sürücülərin çoxu avtomobilin nasaz olduğunu bəhanə edib işə çıxmır. Bu da taksi xidmətində qiymət artımına səbəb olur. Çünki taksi xidməti göstərən avtomobillərin sayı azaldıqca qiymət artır".
8 saat işləyib 100 manat qazanmaq mümkün olmayacaq
M.Babayev bildirir ki, belə davam edərsə sürücülərin çoxu avtomobilə şirkətin reklamını vurmaqdan imtina edəcək.
"Şirkətin reklamını vurmaq bizə sərfəlidir. Əgər avtomobildə şirkətin reklamı yoxdursa, "Bolt" rayonlararası, şəhərlərarası müştəri vermir. Rayonlararası, şəhərlərarası sərnişin daşımaq isə çox sərfəlidir. Gediş haqqı 40 manat edirsə, şirkət bir o qədər də sürücüyə bonus verir. Gündə iki müştəri aparanda bizə əlavə işləməyə ehtiyac qalmırdı. Ona görə sürücülər avtomobilinə şirkətin reklamını vurmaqda maraqlı idilər. İndi yol polisi saxladığından, sürücülər çarəsiz reklamdan imtina edir".
M. Babayev taksi xidməti ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklərin bu sahədə nizam-intizam yaradacağına da inanmır:
"Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin cərimələcəyini deyirlər. Buna nəzarət etmək praktiki baxımdan mümkün olmayacaq. Hazırda atam mənim profilimlə işləyir. "Bolt" şirkəti yaşlı sürücülərlə əməkdaşlıq etmir. Ona görə atam məcburdur ki, mənim profilimlə işləsin. Şirkət sükan arxasında kimin olduğunu görə bilmir. Bu məsələni necə tənzimləyəcəklər, bilmirəm".
Həmsöhbətimiz deyir ki, yeni qaydalarla onlar 8 saat işləməlidirlər. Amma o, bu müddətdə planı verməyin mümkün olmayacağını söyləyir:
"Bir gün səhər saat 06:00-dan axşam saat 00:00-a dək 100 manat işləyə bilmirik. Bu müddətə 70 manat ancaq qazanmaq olur. Bizə isə günə ən azı 100 manat qazanmalıyıq. Əgər 18 saat işləyib 100 manatlıq gedişi güclə tamamlayırıqsa, 8 saata nə qədər qazanacağıq? Bu, taksi sürücülərinə də sərf etməyəcək. Camaatın çoxu sahibkarla işləyir. Gündəlik avtomobilə görə 25 manat sahibkara ödəniş edirlər. Taksi işləyənlərin hamısının avtomobili özünün deyil axı. Belə çıxır ki, qaydalar sərtləşsə, qayda-qanun qoyulsa taksi sürücüsü işləyənlərin sayı azalacaq. Bu da nəticədə işsizliyə səbəb olacaq".
İşsizlik baş alıb gedəcək
Digər həmsöhbət olduğumuz sürücülər də, hazırda taksi xidmətinin əhalinin məşğulluğuna xeyli təsir etdiyini söylədilər. Onların sözlərinə görə, bu gün taksi sürücüsü işləyənlərin 90 faizi işsiz şəxslərdir. Onlar gündəlik çörək pulunu taksi işləyərək çıxardırlar. Bu sahədə qaydalar sərtləşdirilsə, minlərlə insan işsiz qalacaq.
Elə deputat Fazil Mustafa da taksi sürücülərinin bu fikrini təsdiqləyib. Milli Məclisin növbədənkənar iclasında “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı çıxış edən deputat deyib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir.
Deputat əlavə edib ki, ona görə də digər sahələrdə problemləri həll edilməlidir:
“Taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".
"Beynəlxalq taksi şirkətləri qanunlarımıza hörmət qoymur"
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir hüquqi və fiziki şəxs Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməlidir.
E.Cəfərovun sözlərinə görə, taksi xidmətində tənzimlənmələr qiymət artımına səbəb olmayacaq. Onun fikrincə, indiyədək beynəlxalq taksi şirkətlərinə dövlət çox güzəştlər edib. Yeni qaydalardan sonra isə şirkətlər taksi sürücülərini iş saatından artıq işlədə bilməyəcək.
Ekspert hesab edir ki, taksi xidmətində qiymətləri tənzimləmək mümkün olmayacaq. O, iddia edir ki, bu sahədə artıq qiymətlər bazarda tələb-təklif əsasında formalaşır.
E.Cəfərov onu da bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən beynəlxalq taksi şirkətləri qanunlarımıza hörmət qoymur. Bu sahədə hərcimərçilik hökm sürür.
Ekspert deyir ki,yeni qaydalarda taksilərə daha bir tələb taksometrlərlə bağlıdır. Onun sözlərinə görə, taksometrləri hazırda smartfonlar əvəzləyir. Ona görə də, belə taksilərə taksometr qoymağa ehtiyac qalmayacaq: "Taksi xidmətinə dair tələblər taksi şirkətləri üçün sərtləşdirilir. Fərdi taksi fəaliyyəti ilə məşğul olanlar lisenziya alaraq əvvəlki qaydada işlərini davam etdirə biləcəklər".
İctimai nəqliyyatda problemlər taksiyə təlabatı artırır
E.Cəfərov hazırda taksiyə təlabatın çox olmasının səbəbini məhz ictimai nəqliyyatın bərbad olması ilə əlaqələndirir.
O, bildirir ki, ictimai nəqliyyatda xidmətin keyfiyyəti artarsa, taksiyə təlabat azalacaq.
"İctimai nəqliyyatda xidmət o qədər bərbad oldu ki, taksiyə təlabat artdı. Ona görə də, taksi şirkətlərinin sayı artmağa başladı. Taksi operatoru şirkətlərinin artması isə bu işə maraq yaratdı. Kənddə yaşayan insanlar da torpağını satıb Bakıda taksi fəaliyyəti göstərməyə başladılar. İctimai nəqliyyatda problemlər çox ciddi hal alıb. Bu problemi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həll etməlidir. Əgər insanlar işsizlikdən taksi sürürlərsə, işsizlik problemini də aidiyyatı qurum aradan qaldırmalıdır. Taksi xidmətinə mədəni sürücülər cəlb edilməlidir. Əks halda taksi xidmətində narkokuryekər, narkotik istifadəçiləri fəaliyyət göstərməkdə davam edəcək",
Taksi şirkətlərini küllü miqdarda cərimələr gözləyir
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin 20 min manat cərimələnəcəyi öz əksini tapıb. Belə ki, Məcəlləyə yeni 326-2-ci maddə (Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə) əlavə olunur.
Dəyişikliklə taksi sifarişi operatorlar tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasina, yəni "Fərdi məlumatlar haqqında" qanuna uygun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatlanın mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına; - hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən malumatların, o cümlədən sürücünün və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə vəzifəli şəxslər 10 500 manat məbləğində, hüquqi şəxslər isə 20 000 manat məbləğində cərimə ediləcək. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.