SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç ölkənin XİN başçısı sabah Moskvada bir araya gələcək

Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov üçtərəfli və ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacaqlar.
Sputnik
BAKI, 24 iyul — Sputnik. İyulun 25-də Moskvada Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov üçtərəfli və ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacaqlar. XİN rəhbərləri Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcəklər.
Nazirlər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər yollarını da müzakirə edəcəklər. XİN rəhbərləri regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ekspertlər arasında təmaslar, parlamentarilər arasında dialoqun başlanması məsələri ətradında fikir mübadiləsi aparacaq.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəliklərinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə aktual məsələlərinin müzakirəsinin planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.