BAKI, 24 iyul — Sputnik. Tayvanın Türkiyədən aldığı yumurtaların tərkibində kanserogen maddələr aşkarlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tayvanın kənd təsərrüfatı naziri Çen Çi-çunq Türkiyədən alınan yumurtalarda qadağan olunmuş maddə olan nitrofuranın aşkarlandığını bildirib. O, iyulun əvvəlində yoxlanılan 127 ton yumurtanın bu səbəbdən məhv edildiyini, yerli bazara çıxarılmadığını söyləyib.
Tayvanın Kənd təsərrüfatı naziri hökumətin türk tədarükçüsündən müqaviləyə əsasən kompensasiya tələb edəcəyini də açıqlayıb.
Tayvan Milli Heyvandarlıq Sənayesi Korporasiyasının baş direktoru Peter Çen ölkənin təxminən 160 min dollar zərər çəkdiyini bildirib. O, artıq Türkiyədən yumurta idxalının dayandırıldığını, hökumətin ABŞ-dan yumurta idxalına başladığını söyləyib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi Tayvana ixrac edilən yumurtalarda insan sağlamlığına zərərli maddələrin olması ilə bağlı araşdırma başlayıb. Nazirlik bildirib ki, Türkiyədə "nitrofuran" olduğu iddia edilən maddənin qida istehsalı üçün yetişdirilən heyvanlarda, o cümlədən toyuqlarda istifadəsi qadağandır.
"Mətbuatda bununla bağlı xəbərlər olsa da, Türkiyədən Tayvana ixrac edilən yumurtalarla bağlı Tayvan səlahiyyətli orqanı tərəfindən Nazirliyimizə heç bir bildiriş verilməyib. Amma bununla belə, biz bu məsələ ilə bağlı araşdırmalara başlamışıq. Sözügedən maddənin yumurta istehsalında istifadə edildiyi müəyyən olunarsa, aidiyyəti şəxslər barəsində lazımi tədbirlər görüləcək" - Nazirlik bildirib.
Qeyd edək ki, Türkiyənin Yumurta İstehsalçıları Mərkəzi Birliyinin (YUM-BİR) sədri İbrahim Afyon 4 ay ərzində Tayvana 217 konteyner yumurta göndərildiyini və bunlardan 212-nin qəbul edildiyini bildirib.
Afyon əlavə edib ki, cəmi 5 konteynerdən ibarət 1 partiya məhsulda problem olduğu iddia edilir.
Afyon Türkiyənin ildə 20 milyard yumurta istehsal etdiyini, 63 ölkəyə ixrac gücünə malik olduğunu söyləyib. O, bildirib ki, hazırda Türkiyə 39 ölkəyə yumurta ixrac edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.