SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Sülh müqaviləsinin imzalanmasına ən yaxın gələcəkdə nail ola bilərik" - Prezident

Dövlət başçısı deyib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən də bəhs edib.
Çinli müxbirin sualı belə olub: "Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, bilirik ki, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Əvvəlki hadisələrin hamısını nəzərə alaraq, cənab Prezident, Siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar? Əgər olarsa, o, necə olacaq?"
Prezident İlham Əliyev düşünür ki, ona ən yaxın gələcəkdə nail olmaq olar:
"Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır".
O bildirib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir:
"Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik.
Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir".
Üç ölkənin XİN başçısı sabah Moskvada bir araya gələcək
Qeyd edək ki, iyulun 25-də Moskvada Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov üçtərəfli və ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacaqlar. XİN rəhbərləri Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcəklər.
Nazirlər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər yollarını da müzakirə edəcəklər. XİN rəhbərləri regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ekspertlər arasında təmaslar, parlamentarilər arasında dialoqun başlanması məsələri ətradında fikir mübadiləsi aparacaq.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəliklərinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə aktual məsələlərinin müzakirəsinin planlaşdırıldığını qeyd edib.
Xatırladaq ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İlham Əliyev Çin mediasına özü, ailəsi, ölkə və dünya barədə maraqlı açıqlamalar verib