BAKI, 24 iyul — Sputnik. Düyada turizmin ornitoloji - yəni, quşların müşahidəsi növünə böyük maraq var. Turistləriun böyük hissəsi bu növə xüsusi maraq göstərirlər. Bu, həmçinin kifayət qədər bahalı turizm növü də hesab olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu turizm növünün inkişafına şərait yaradır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında turizm üzrə ekspert Ruslan Quliyev deyib.
Onun sözlərinə görə, bunun üçün müvafiq təbliğat, marketinq və reklam işləri sistemli şəkildə icra olunmalıdır:
"Azərbaycan həm də köçəri quşların müvəqqəti dayanacaq yeridir. Buna görə də düşünürəm ki, ornitoloji turizmin inkişafı ölkəyə gələn turistlərin sayına əhəmiyyətli dərəcədə təsir edəcək".
Turizm üzrə digər ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu fəaliyyət eyni zamanda cəlbedici turizm məhsulu ola bilər:
"Məktəblilər, tələbələr, bu sahəni araşdıran tədqiqatçılar üçün şərait yaradıla bilər ki, milli park və qoruqlarda, dağlıq, dağətəyi zonalarda, su hövzələrində quşların növlərinə görə həyat tərzini, köçlərini izləmək olar. Bunu bir turizm növünə çevrimək olar. Dünyada da belə nümunələr var".
"Ornitoloji turizm müəyyən turist qrupları üçün bu maraqlı məhsul ola bilər", - deyə o əlavə edib.
Ceyhun Aşurov
© Sputnik / Nigar Iskanderova
Zoologiya İnstitutunun "Quruonurğalılar laboratoriyası"nın aparıcı elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan quşların növ tərkibi, sayı, yaşayış yerinə görə İngiltərə və İrandan sonra üçüncü yerdədir:
"Beynəlxalq təşkilatların qeydə aldığı 52 mühüm ornitioloji ərazi məhz Azərbaycanda yerləşir. Bu sahələr həm quru, həm də dənizdə yerləşir. Qızılağac Avropada birinci yer tutur. Vaxtilə burada 3 milyon quş olub, indi isə bu rəqəm 300 minə çatmır. Rəqəmlər get-gedə azalır. Quru ərazisində, xüsusən də Qarabağda dörd mühüm ornitoloji sahə var".
Ekspert bildirir ki, Kəlbəcər ərazisi, bundan başqa Türyançay qoruğu da çox fərqlidir:
"Yəni, müxtəlif ərazilərə turizm marşrutlarını salmaq olar. Bu quşları həm qış, həm də nəsilvermə mövsümündə müşahidə etmək olar. Biz müxtəlif təkliflər veririk ki, çərkəzlər - yəni leşyeyən quşların ekoturizmi təşkil edilsin. Çərkəzlər, leşyeyən quşlar var, onlar bir yararsız heyvana cumur. Bir saat ərzində leşin üzərində yüz ədəd quş cəmləşir. O heyvanın leşinin, cəmdəyinin necə yeyilməsi də maraqlıdır. Çərkəzlərin leş yeməsi Afrika, Cənub Şərqi Asiya ölkələrində turizmdə istifadə olunur".
"Yəni, günün müəyyən saatlarında xəstə, zəif heyvanları sahələrə atdıqda leşyeyənlər onların üzərinə toplaşırlar. Turistlər də bunu müşahidə edirlər. 40-45 dəqiqəyə sümükdən başqa heç nə qalmır", - deyə o əlavə edib.
Ekspert onu da qeyd edib ki, Azərbaycanda bu iş hələ ki, bəsit formada icra olunur:
"Bunun üçün Zoologiya İnstituna müraciət edilməlidir".
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisində tanıdılıb.
Lənkəran rayonunun Liman şəhər sakini Mir Abbas Abbasovun həyətində saxladığı nadir quşlar, arxiv
© Sputnik / Rahim Muradov
Məlumata görə, sərgidə Böyük Qafqaz və Talış dağlarında, Nabran sahili, Mingəçevir su anbarı və Kür çayı sahilində, Beşbarmaq, Xınalıq, Ləzə kimi təbiət ərazilərində mövcud quş müşahidəçiliyi potensialı, Azərbaycanda olan nadir quş növləri, Qızılağac, Altıağac, Ağgöl, Abşeron və Şirvan milli parklarındakı biomüxtəliflik və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat verilib.
Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisi ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.
Bu il sərgidə Kipr, Yunanıstan, Malta, Portuqaliya, Çili, Ekvador, Kolumbiya, İslandiya, Bolqarıstan, Fransa, Türkiyə, Böyük Britaniya, ABŞ, Avstraliya, Tayvan, Malayziya kimi ölkələrin nümayəndələri daxil olmaqla 270-dən çox şirkət və qurum təmsil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.